İstanbul hava limanı ilk dəfə Avropanın ən işlək hava limanı olub

İstanbul hava limanı ilk dəfə Hitrounu geridə qoyaraq Avropanın ən işlək hava limanı olub
İstanbul Hava Limanı sərnişin sayına görə ilk dəfə Londonun Hitrou hava limanını geridə qoyaraq Avropanın ən işlək hava limanına çevrilib.
“Guardian”ın məlumatına görə, iyul ayında İstanbul Hava Limanının terminallarından 8,15 milyon sərnişin istifadə edib. Londonun Hitrou hava limanında isə bu göstərici 7,9 milyon olub.
İstanbul hava limanında sərnişin axını ötən ilin iyulu ilə müqayisədə 2,3 faiz artıb. Hitrouda isə əksinə, sərnişin sayı 1,5 faiz azalıb.
Hitrou pandemiyaya qədər iyirmi ildən artıq müddətdə Avropanın sərnişin dövriyyəsinə görə ən böyük hava limanı olub. 2020-ci ildə aviasiya məhdudiyyətləri səbəbindən liderliyini itirən London hava limanı 2023-cü ildə yenidən birinci yerə yüksəlmişdi.
Yeni rəqəmlər Hitrounun genişləndirilməsinə ehtiyac olduğunu bir daha gündəmə gətirib. Hava limanının hazırda fəaliyyət göstərən iki uçuş-enmə zolağı demək olar ki, maksimum imkanlarla işləyir. Rəhbərlik üçüncü zolağın tikintisinə icazə almağa çalışır.
33 milyard funt sterlinq dəyərində olan layihənin həyata keçirilməsi Hitrounun illik sərnişin qəbul etmək imkanını 150 milyona çatdıra bilər.
Bununla belə, İstanbul Hava Limanı ilə Hitrou arasında müqayisənin müəyyən fərqləri də var. İstanbulun hazırkı hava limanı 2018-ci ildə yeni ərazidə istifadəyə verilib və tədricən Atatürk Hava Limanını şəhərin əsas beynəlxalq aviasiya mərkəzi kimi əvəz edib.
İstanbul Hava Limanı daha geniş ərazini əhatə edir və sutka ərzində fasiləsiz fəaliyyət göstərə bilir. Onun əsas üstünlüklərindən biri isə coğrafi mövqeyidir. Hava limanı Avropa, Asiya və Fars körfəzi ölkələri arasındakı əsas aviasiya marşrutlarının kəsişməsində yerləşir.
İstanbul Hava Limanının baş direktoru Səlahəddin Bilgən sərnişin dövriyyəsinə görə liderliyin mühüm mərhələ olduğunu bildirib. Onun sözlərinə görə, üç müstəqil uçuş-enmə zolağının olması hava limanına eyni vaxtda və sutka boyu fasiləsiz işləməyə imkan verir.
Hava limanında dördüncü uçuş-enmə zolağının da ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bununla uçuşların və sərnişinlərin sayının daha da artırılması gözlənilir.
İyul ayında Böyük Britaniyanın digər hava limanlarında da rekord göstəricilər qeydə alınıb. Londonun Stansted hava limanı 3,1 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 6,3 faiz çoxdur. Mançester hava limanında isə sərnişin sayı 3,4 milyona çataraq iyul ayı üçün yeni rekord müəyyən edib.
Britaniya hökuməti daha əvvəl Hitrou hava limanının genişləndirilməsini dəstəkləyib. Plana əsasən, üçüncü uçuş-enmə zolağının 2035-ci ilədək tikilməsi nəzərdə tutulur.
Lakin layihəyə qarşı çıxan siyasətçilər də var. Onlar hesab edirlər ki, iri infrastruktur investisiyalarının yenidən əsasən London ətrafında cəmləşməsi ölkənin digər bölgələri üçün balanssızlıq yarada bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.