İran müharibəsi və quraqlıq Panama kanalında sıxlığı artırıb: Gəmilər keçid üçün 10 gün gözləyir

Panama kanalında gəmi keçidlərinin qiyməti kəskin artıb. Buna Yaxın Şərqdə İranla bağlı müharibənin qlobal dəniz daşımalarına təsiri və iqlim hadisələri fonunda su səviyyəsinin aşağı düşməsi səbəb olub.
Hazırda kanaldan keçmək istəyən gəmilər növbədə təxminən 10 gün gözləyirlər. Bu, may ayından bəri Panama kanalında qeydə alınan ən böyük sıxlıq hesab olunur.
Məlumata görə, növbədənkənar keçid hüququ əldə etmək üçün böyük konteyner gəmisinin sahibləri təxminən 4 milyon dollar ödəyib. Bu məbləğ son yeddi gün ərzində keçirilən hərraclarda formalaşan orta qiymətdən iki dəfədən çox yüksəkdir
Panama kanalı Asiya ilə ABŞ arasında yükdaşımalar üçün mühüm alternativ marşrutlardan biridir. Yaxın Şərqdəki hərbi əməliyyatlar fonunda bir sıra gəmi şirkətlərinin Fars körfəzi və Qırmızı dənizdən keçən marşrutlardan imtina etməsi alternativ ticarət yollarına yükü artırıb.
Xüsusilə Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçilik üçün yaranan risklər Panama kanalına tələbatı yüksəldib.
Bununla yanaşı, kanalın fəaliyyətinə su çatışmazlığı da ciddi təsir göstərir. Kanalın əsas su mənbəyi olan Qatun gölündə su səviyyəsinin azalması səbəbindən Panama Kanalı Administrasiyası gəmilərin suya oturma dərinliyinə məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Artıq iyul ayında Neopanamax tipli iri gəmilər üçün maksimal suyaoturma dərinliyi azaldılıb. Bu isə daşıyıcıları gəmilərə daha az yük yükləməyə məcbur edib.
Administrasiya avqustun sonu və sentyabrın əvvəlində əlavə məhdudiyyətlərin tətbiq edilə biləcəyini açıqlayıb. Hakimiyyət 2023–2024-cü illərdəki şiddətli quraqlığın yaratdığı problemləri nəzərə alaraq qabaqlayıcı tədbirlər görür.
Gəmi sahibləri isə gələcəkdə kanaldan gün ərzində keçən gəmilərin sayının da məhdudlaşdırılacağından narahatdırlar. Belə məhdudiyyətlər 2023-cü ildə quraqlıq səbəbindən tətbiq edilmiş və kanalda çoxgünlük növbələr yaranmışdı.
Buna baxmayaraq, ötən ilin oktyabrından bu ilin iyun ayınadək Panama kanalından keçən gəmilərin sayı 5 faiz artaraq gündə orta hesabla 35-ə çatıb. Bu müddətdə kanaldan daşınan yüklərin həcmi də yüksəlib. Artım əsasən konteyner gəmiləri və mayeləşdirilmiş təbii qaz daşıyan gəmilərin hesabına baş verib.
Su çatışmazlığı digər mühüm ticarət marşrutlarına da təsir göstərir. Avropada uzunmüddətli quraqlıq Reyn çayında suyun səviyyəsinin rekord dərəcədə aşağı düşməsinə səbəb olub. Nəticədə yükdaşıyıcılar gəmilərin yükünü azaltmağa, bəzi şirkətlər isə daha bahalı avtomobil və dəmir yolu daşımalarına keçməyə məcbur qalırlar.
Beləliklə, Yaxın Şərqdəki hərbi gərginlik və iqlim amillərinin eyni vaxtda təsiri qlobal logistika sistemində yeni problemlər yaradır və beynəlxalq ticarət marşrutlarına düşən yükü artırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.