Almaniyada uşaqlar İkinci Dünya müharibəsindən qalma qumbara tapıblar

Almaniyanın Oldenburq bölgəsində yerləşən Dötlinqen qəsəbəsində iki uşaq metal detektoru ilə “xəzinə” axtararkən İkinci Dünya müharibəsindən qalma qumbara aşkarlayıb.
12 və 13 yaşlı oğlanlar təhlükəli döyüş sursatını düşərgənin uşaq meydançasının ərazisində aşkar ediblər. Onlar qumbaraya toxunmadan ərazidən uzaqlaşıb və dərhal fövqəladə xidmətlərə məlumat veriblər.
Polis nümayəndəsi uşaqların düzgün davrandığını bildirib. Hadisə ilə əlaqədar oyun meydançasının ətrafı mühafizəyə götürülüb və əraziyə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub.
Saperlər müəyyən ediblər ki, İkinci Dünya müharibəsindən qalan qumbara daşınması üçün təhlükəsiz vəziyyətdədir. Sursat ərazidən çıxarılaraq xüsusi qaydada aparılıb.
Hadisə zamanı düşərgəyə gələnlərin təxliyəsinə ehtiyac yaranmayıb. Mütəxəssislər qumbaranı hadisə yerində məhv etməyə də ehtiyac duymayıblar.
Polis uşaqların təhlükəli əşyanı özləri götürməməsini və dərhal aidiyyəti qurumlara məlumat verməsini xüsusi olaraq vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.