Bali sahillərində bərə yanıb: 211 nəfər xilas edilib, 19 yaşlı sərnişin həlak olub

İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsində yanğın baş verib. Bali adasından Lombok istiqamətində hərəkət edən “Putri Yasmin” adlı bərədəki 211 nəfər xilas edilib. Hadisə nəticəsində 19 yaşlı qadın sərnişinin meyiti aşkarlanıb.
Yanğın çərşənbə günü yerli vaxtla saat 04:15 radələrində, gəmi Bali ilə Lombok arasında hərəkət edərkən başlayıb. Bərədə 44 avtomobil və 53 motosikletin də olduğu bildirilir.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, xilasedicilər günün ortalarınadək 211 nəfəri təxliyə edib. Xilas edilənlər arasında iki Avstraliya vətəndaşı da var. Ən azı iki yaralı xəstəxanaya çatdırılıb.
Xilasetmə əməliyyatı güclü dalğalar səbəbindən çətin şəraitdə aparılıb. Hadisə bölgəsində dalğaların hündürlüyü 4 metrə çatıb. Əməliyyata altı gəmi, helikopter, iki rezin qayıq və iki özəl yaxta cəlb olunub.
Hadisə ilə bağlı diqqət çəkən məqamlardan biri də bərədə olan insanların sayıdır. İlkin məlumatda gəmidə 17 ekipaj üzvü daxil olmaqla 131 nəfərin olduğu bildirilsə də, sonradan faktiki sərnişin sayının sənədlərdə göstəriləndən daha çox olduğu müəyyənləşib. Bu fərqin səbəbləri hələlik açıqlanmayıb.
Sağ qalan sərnişinlərin sözlərinə görə, yanğın ehtimal olaraq yük maşınlarından birində başlayıb və qısa müddətdə gəminin digər hissələrinə yayılıb. Yanğının dəqiq səbəbləri araşdırılır.
Hazırda xilasetmə və axtarış əməliyyatı davam edir. Səlahiyyətli qurumlar gəmidə olan sərnişinlərin dəqiq sayını müəyyənləşdirməyə və bütün şəxslərin taleyini aydınlaşdırmağa çalışırlar.
Hadisə İndoneziyada son həftələrdə baş verən ikinci ciddi bərə yanğınıdır. Bundan təxminən iki həftə əvvəl Yava adası yaxınlığında “Mutiara Sentosa 2” bərəsində baş verən yanğın nəticəsində azı beş nəfər həyatını itirmişdi.
17 mindən çox adadan ibarət İndoneziyada adalararası sərnişin daşımalarında bərələrdən geniş istifadə olunur. Ölkədə gəmi qəzalarının tez-tez baş verməsinin səbəbləri sırasında təhlükəsizlik tələblərinə nəzarətin yetərli olmaması da göstərilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.