Tramp dron hücumu təhlükəsi səbəbindən hava hücumundan müdafiə sistemi ilə qorunaraq qolf oynayıb

ABŞ Prezidenti Donald Tramp artıq qolf oynayarkən hərbi hava hücumundan müdafiə sisteminin mühafizəsi altında olur. Bildin yaydığı fotolarda prezidentin olduğu qolf meydançasının cəmi bir neçə metrliyində ABŞ ordusuna məxsus Avenger hava hücumundan müdafiə kompleksinin yerləşdirildiyi görünür. Sistemin fəaliyyətini təmin etmək üçün 10-dan çox hərbçinin cəlb olunduğu bildirilir.
Avenger döyüş əməliyyatları üçün nəzərdə tutulmuş mobil hava hücumundan müdafiə kompleksidir və Stinger raketləri ilə təchiz olunub. ABŞ mediasının məlumatına görə, sistem mümkün pilotsuz uçuş aparatı (PUA) hücumlarından prezidentin təhlükəsizliyini təmin etmək məqsədilə yerləşdirilə bilər.
Trampın təhlükəsizlik tədbirlərinin gücləndirilməsi onun daha əvvəl bir neçə dəfə sui-qəsd cəhdinin hədəfinə çevrilməsi ilə də əlaqələndirilir.
2024-cü ilin iyulunda Pensilvaniyada seçki kampaniyası mitinqi zamanı silahlı şəxs Trampa atəş açaraq onun qulağından yaralamışdı. Daha sonra həmin ilin sentyabrında Floridada Trampın qolf meydançasının yaxınlığında silahlı şəxs saxlanılmışdı.
Bundan əlavə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları fonunda Vaşinqton mümkün cavab hücumlarından da ehtiyat edir. Xüsusilə pilotsuz uçuş aparatlarından istifadə etməklə mümkün hücum təhlükəsi səbəbindən prezidentin olduğu ərazilərdə təhlükəsizlik tədbirlərinin artırıldığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.