NATO Rusiyadan müdafiə üçün süni intellektlə idarə olunan sistem yaradacaq

NATO gələcək müharibələrə hazırlıq yanaşmasını dəyişir. Alyans müdafiə imkanlarını gücləndirmək üçün dronlar, peyklər, müxtəlif sensorlar və süni intellekt texnologiyalarına daha çox üstünlük verməyi planlaşdırır.
NATO-nun Finlandiyadan Qara dənizə qədər uzanan şərq cinahında mümkün Rusiya hücumlarını daha sürətli aşkarlamağa və onların qarşısının alınmasına kömək edəcək vahid müşahidə sisteminin yaradılması nəzərdə tutulur.
Ukraynadakı müharibənin təcrübəsi NATO-nun yeni texnologiyalarının hazırlanmasında əsas mənbələrdən birinə çevrilib. Ukrayna hərbçiləri artıq pilotsuz uçuş aparatlarının idarə olunması, naviqasiya və zərbələrin dəqiqliyinin artırılması üçün süni intellektdən fəal istifadə edirlər.
ABŞ ordusunun NATO-nun rəqəmsal sistemlərinə cavabdeh mayoru Ben Şiff Bild-ə açıqlamasında bildirib ki, gələcəkdə dronların idarə olunmasının bir hissəsi avtomatlaşdırıla bilər:
“İnsanlar dronun nə etməli olduğuna qərar verir. Lakin uçuşu şəxsən idarə etmələri vacib deyil. Çünki bizim bir milyon pilotumuz yoxdur və eyni anda bir milyon dronu idarə edə bilmərik.”
Onun sözlərinə görə, gələcək döyüş meydanlarında bəzi tapşırıqları avtonom sistemlər yerinə yetirə bilər. Məsələn, dronlar hədəfləri aşkarlaya, yerüstü robotlar isə sursat və digər yükləri daşıya və ya hərbçilər üçün təhlükəli tapşırıqları icra edə bilər.
Bununla belə, NATO vurğulayır ki, avtomatlaşdırmanın əsas məqsədi insanı müharibədə tamamilə əvəz etmək deyil. Əsas hədəf hərbi qulluqçuların riskini azaltmaq və silahların tətbiqi üzərində insan nəzarətini qorumaqdır.
Beləliklə, NATO gələcəyin döyüş meydanında insan və süni intellekt texnologiyalarının birgə fəaliyyət göstərdiyi yeni müdafiə modelinə keçməyə hazırlaşır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.