Əfqanıstanda bağda 500 kiloqramlıq sovet bombası tapıldı

Əfqanıstanda bağda 500 kiloqramlıq sovet bombası tapıldı
Əfqanıstanın Qəzni vilayətində yaşayış evlərindən birinin bağında təxminən 500 kiloqram ağırlığında, Sovet İttifaqı istehsalı olan partlamamış aviasiya bombası aşkarlanıb.
AFP-nin məlumatına görə, təhlükəli əşyanı çərşənbə günü Sir kəndinin sakini görüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və Danimarka Qaçqınlar Şurasının minatəmizləmə üzrə mütəxəssisləri cəlb olunub.
Qəzni vilayətinin polis nümayəndəsi Xalid Sərhədi bildirib ki, 500 kiloqramlıq bomba ərazidən çıxarılaraq dağlıq əraziyə aparılıb və təhlükəsiz şəkildə zərərsizləşdirilib.
Sovet qoşunları Əfqanıstandan 1989-cu ildə, təxminən onillik davam edən hərbi kampaniyadan sonra çıxarılıb. Lakin ölkədə sonrakı onilliklər ərzində davam edən silahlı münaqişələr nəticəsində çoxlu sayda mina və partlamamış hərbi sursat qalıb.
BMT-nin məlumatına görə, Sovet qoşunlarının ölkədən çıxarılmasından sonra Əfqanıstanda mina və digər partlayıcı müharibə qalıqları nəticəsində 45 mindən çox insan həlak olub və ya yaralanıb.
Bununla yanaşı, ölkədə minatəmizləmə işlərinin miqyası son illərdə azalıb. BMT-nin Əfqanıstandakı Mina Fəaliyyəti üzrə şöbəsinin rəhbəri Nik Pondun sözlərinə görə, son iki ildə partlayıcı qurğuların təmizlənməsi ilə məşğul olan qrupların sayı 64 faiz azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.