İran: Hörmüz boğazından təhlükəsiz keçid yalnız Tehranın icazəsi ilə mümkündür

İran: Hörmüz boğazından təhlükəsiz keçid yalnız Tehranın icazəsi ilə mümkündür
İranın Mərkəzi Qərargahı “Xatəm əl-Ənbiya”nın nümayəndəsi ABŞ-ın Hörmüz boğazında gəmiçiliklə bağlı açıqlamalarını təkzib edib.
İran rəsmisi ABŞ-ın boğazda gəmiçilik üçün normal şəraitin olduğu barədə bəyanatlarını “yalan və uydurma” adlandırıb. Məlumat “Tasnim” agentliyinə istinadən yayılıb.
Nümayəndənin sözlərinə görə, Hörmüz boğazı hələ də İranın tam nəzarətindədir. O iddia edib ki, heç bir ticarət gəmisi və neft tankeri İran Silahlı Qüvvələrinin icazəsi və nəzarəti olmadan boğazdan təhlükəsiz keçə bilməz.
İranlı hərbçi ABŞ-ın regionda “qeyri-sabitlik və təhlükəsizliksizlik yaratmağa” çalışdığını bildirib. Onun sözlərinə görə, Vaşinqtonun təhdidləri İran Silahlı Qüvvələrinin mövqeyinə təsir göstərməyəcək.
Nümayəndə həmçinin bildirib ki, İran hərbçiləri regionda ABŞ və İsrail qüvvələrinin hərəkətlərini izləyir. O, İran Silahlı Qüvvələrinin ölkənin milli suverenliyini və maraqlarını müdafiə etməyə hazır olduğunu vurğulayıb.
İran tərəfi xəbərdarlıq edib ki, ölkəyə qarşı istənilən təhlükəyə, onun xarakterindən və miqyasından asılı olmayaraq, cavab veriləcək. Bildirilir ki, bu cavab əvvəlkilərdən “daha güclü və sərt” olacaq.
Hörmüz boğazı dünya enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Fars körfəzi ilə Oman körfəzini birləşdirən bu su yolu vasitəsilə böyük həcmdə neft və digər enerji resursları daşınır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.