Lavrov: Türkiyə anlayır ki, onu heç vaxt Aİ-yə qəbul etməyəcəklər

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin NATO üzvü olaraq alyansın ən böyük ordusuna malik ölkələrdən biri olmaqla yanaşı, Avropa İttifaqı ilə də münasibətlərini qorumaq istədiyini bildirib. Onun sözlərinə görə, Ankara daxilən Türkiyənin heç vaxt Aİ-yə üzv qəbul edilməyəcəyini anlayır.
Lavrov bu barədə Rusiya Dövlət Televiziya və Radio Şirkətinə (VGTRK) müsahibəsində, Moskvanın Ukrayna məsələsində Türkiyəyə vasitəçi kimi güvənib-güvənə bilməyəcəyi ilə bağlı suala cavab verərkən danışıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Türkiyə Rusiya ilə yaxşı münasibətlərdə maraqlıdır. Buna səbəb iki ölkə arasında çoxsaylı iqtisadi layihələrin, eləcə də Qafqaz və Qara dəniz kimi ortaq tarixi və regional maraqların olmasıdır.
Lavrov qeyd edib ki, Türkiyə Qara dənizdə sabitliyin qorunmasında səmimi şəkildə maraqlıdır və hazırda türk tərəfi gəmiçiliyin hücumların hədəfinə çevrilməməsi üçün razılığa gəlməyin vacibliyini bildirir.
Nazir iddia edib ki, Ukrayna Silahlı Qüvvələrinin PUA-ları Türkiyəyə məxsus yük və tanker gəmilərinə, eləcə də mülki gəmilərə zərbələr endirib. O, həmçinin Ukrayna PUA-larının Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna hücum etdiyini və bunun nəticəsində ABŞ şirkətləri Chevron və ExxonMobil ilə əlaqəli gəmilərin zərər gördüyünü iddia edib.
Lavrovun sözlərinə görə, Türkiyə və ABŞ bu hücumlarla bağlı ictimai şəkildə Ukraynaya qarşı sərt mövqe nümayiş etdirməyib. O bildirib ki, Ankara və Vaşinqtonun Kiyevə bununla bağlı müəyyən mesajlar göndərdiyi deyilib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Türkiyə ilə Moskva arasında gündəlikdə geniş məsələlər var. Bununla yanaşı, onun fikrincə, Ankaranın NATO üzvlüyü və Avropa İttifaqı ilə münasibətləri Rusiya-Türkiyə əlaqələrinə təsir edən amillər olaraq qalacaq.
“Düşünürəm ki, NATO üzvlüyü və Avropa İttifaqı ilə müəyyən münasibətlərlə bağlı qalan izlər qaçılmazdır”, — deyə Lavrov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.