Mərakeş və İspaniya arasında qarşılıqlı ittihamlar artır

Mərakeşlə İspaniya arasında Seuta şəhərində baş verən son miqrasiya böhranından sonra qarşılıqlı narazılıqlar dərinləşir.
Mərakeşin ədliyyə naziri Əbdüllətif Vəhbi beynəlxalq mediaya açıqlamasında İspaniya ilə ekstradisiya müqaviləsinin dayandırıla biləcəyini bildirib. Nazir İspaniyada saxlanılan şəxslərin təhvil verilməsi prosesində yaranan problemləri əsas gətirib və Mərakeş vətəndaşı olan yetkinlik yaşına çatmayanların ölkəyə qaytarılmasını tələb edib.
Vəhbi İspaniyanın miqrantların kütləvi şəkildə leqallaşdırılmasının yeni miqrasiya cəhdlərini təşviq etdiyini bildirib. Onun sözlərinə görə, Mərakeş miqrasiyanın qarşısının alınmasına böyük resurslar sərf etdiyi halda, İspaniyanın ölkəyə daxil olmuş miqrantları leqallaşdırması ziddiyyətli vəziyyət yaradır.
Mərakeş tərəfi həmçinin Seutada qalan 1300-dən çox mərakeşli azyaşlının geri qaytarılmasını tələb edir. Rabat hesab edir ki, yeni tədris ili başlamazdan əvvəl uşaqlar ailələrinin yanına qaytarılmalı və təhsillərini Mərakeşdə davam etdirməlidirlər.
İspaniya isə məsələyə Avropa İttifaqının qanunvericiliyi çərçivəsində yanaşır. Madrid bildirir ki, azyaşlıların kollektiv şəkildə deportasiyası mümkün deyil və hər bir uşağın işi ayrıca hüquqi qiymətləndirilməlidir. Məqsəd uşaqların təhlükəsizliyinin və hüquqlarının qorunmasıdır.
Bununla yanaşı, tərəflər arasında Seuta və Melilyanın statusu ilə bağlı köhnə mübahisə də yenidən gündəmə gəlib.
Mərakeş bu iki şəhəri öz ərazisi hesab edir və onların statusunun hələ də həll olunmamış məsələ olduğunu bildirir. Rabat problemin uzunmüddətli strategiya və siyasi dialoq yolu ilə həll edilə biləcəyini istisna etmir.
Madrid isə bu yanaşmanı qəbul etmir. İspaniya diplomatik mənbələri Seuta və Melilyanın İspaniyanın ayrılmaz hissəsi olduğunu və ölkənin ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildiriblər.
Beləliklə, son miqrasiya böhranı iki ölkə arasında yalnız sərhəd və miqrasiya məsələlərini deyil, həm də illərdir davam edən ərazi mübahisəsini yenidən gündəmə gətirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.