Çad prezidenti əsas siyasi rəqibini əfv edib

Çad Prezidenti Mahamat İdris Debi ölkənin əsas müxalifət lideri və keçmiş baş nazir Sükses Masranı əfv edib.
Masra zorakılığa təhrik və qətlə şəriklik ittihamları ilə bir ildən çox müddət həbsdə saxlanılıb. O, ötən il keçirilən məhkəmə prosesi nəticəsində 20 il müddətinə azadlıqdan məhrum edilmiş və 1 milyard Mərkəzi Afrika CFA frankı – təxminən 1,77 milyon dollar məbləğində cərimələnmişdi.
Hüquq müdafiəçiləri məhkəmə prosesini siyasi motivli hesab edərək tənqid etmişdilər.
Prezident administrasiyasının açıqlamasına görə, Masra və daha səkkiz siyasi xadim yaxın günlərdə azadlığa buraxılacaq. Onların əfv edilməsi ilə bağlı qərar dövlət başçısının administrasiyasına təqdim edilən müraciətin təmin olunmasından sonra qəbul edilib.
Bununla belə, prezidentin əfv qərarı həmin şəxslərə tətbiq edilmiş mülki-hüquqi öhdəlikləri aradan qaldırmır. Bu öhdəliklərin qüvvədə qalacağı bildirilir.
Sükses Masra beynəlxalq arenada Çad müxalifətinin ən tanınmış və fəal simalarından biri kimi tanınırdı. Onun azadlığa buraxılması ölkədə siyasi proseslər baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.