Ukrayna Ermənistana Avropaya inteqrasiya təcrübəsini təklif edib

Ukrayna Ermənistanla Avropaya inteqrasiya sahəsində təcrübə mübadiləsinə hazır olduğunu açıqlayıb.
Ukraynanın xarici işlər nazirinin müavini Aleksandr Mişenko avqustun 14-də Ukraynaya səfər edən Ermənistan nümayəndə heyəti ilə görüşüb. Ermənistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vaan Kostanyan rəhbərlik edib.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Mişenko Ermənistanda keçirilmiş parlament seçkiləri və yeni hökumətin formalaşdırılması fonunda İrəvanın Avropayönümlü siyasətini davam etdirəcəyinə ümid etdiyini bildirib.
Ukraynalı nazir müavini ölkəsinin Avropaya inteqrasiya prosesinin hazırkı vəziyyəti və perspektivləri barədə Ermənistan tərəfinə məlumat verib. O, Kiyevin bu sahədə əldə etdiyi təcrübəni Ermənistanla bölüşməyə hazır olduğunu vurğulayıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.