İndoneziyanın Flores adası yaxınlığında baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə yüksəlib. AFP bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.
Agentliyin rəhbəri Suharyanto bildirib ki, daha 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Xilasetmə qrupları sağ qalanların tapılması üçün dağıntıları təmizləməyə davam edir. Suharyantonun sözlərinə görə, bir neçə binada insanların dağıntılar altında qaldığı ehtimal olunur. Hakimiyyət xilasetmə əməliyyatına iki helikopter və bir təyyarə cəlb etməyə hazırlaşır.
7,7 maqnitudalı zəlzələ şənbə günü Flores adasının şimal sahillərində baş verib. Təbii fəlakət nəticəsində onlarla ev və digər tikiliyə ziyan dəyib, təxminən 2 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Xilasetmə işlərini yolları bağlayan torpaq sürüşmələri çətinləşdirir. Bölgədə afterşoklar davam edir. Ən güclü afterşokun maqnitudası 6,1 olub.
Episentrə yaxın yerləşən Naqekeo rayonunun sakinləri zəlzələdən sonra dəniz suyunun geri çəkildiyini müşahidə edərək sunami təhlükəsi səbəbindən təcili olaraq yüksəkliklərə qalxıblar.
Sunami ilə bağlı xəbərdarlıq daha sonra ləğv edilib. Bununla belə, yeni yeraltı təkanlar təhlükəsi səbəbindən hakimiyyət əhaliyə zədələnmiş binalara qayıtmamağı tövsiyə edib.
***
İndoneziyanın Flores adası yaxınlığında baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb. Modern.az xəbər verir ki, AFP xilasetmə xidmətlərinə istinadən dağıntılar altında qalan şəxslərin axtarışlarının davam etdiyini yazıb.
Məlumata görə, zəlzələ Flores adasının şimal sahillərində, İndoneziyanın şərq hissəsində baş verib. Xilasetmə xidmətləri ölənlərin dörd yaşayış məntəqəsində aşkarlandığını bildirib. Daha 6 nəfər yaralanıb, 2 nəfərin isə hələ də dağıntılar altında qaldığı qeyd olunur.
Ən ağır vəziyyət episentrə ən yaxın ərazi olan Naqekeo rayonunda yaranıb. Torpaq sürüşmələri nəticəsində bir neçə yolun bağlanması xilasetmə işlərini çətinləşdirir.
Zəlzələdən sonra sahilyanı ərazilərdə yaşayan insanlar təcili olaraq yüksəkliklərə çıxıblar. Bundan əvvəl dəniz suyunun səviyyəsinin nəzərəçarpacaq dərəcədə geri çəkilməsi sunami təhlükəsinə işarə kimi qiymətləndirilib.
Hakimiyyət orqanları sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan etsə də, bir neçə saat sonra xəbərdarlıq ləğv edilib. Bununla belə, davam edən yeraltı təkanlar səbəbindən əhaliyə zədələnmiş binalara qayıtmamaq tövsiyə olunub.
İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin məlumatına görə, əsas zəlzələdən sonra onlarla afterşok qeydə alınıb. Onlardan ən güclüsünün maqnitudası 6,1 olub. Zərərçəkən ərazilərdə dəniz səviyyəsinə nəzarət davam etdirilir.
Hadisə şahidləri bölgədə panika və kütləvi təxliyə olduğunu bildiriblər. İnsanlar yaşayış məntəqələrini piyada, motosiklet və avtomobillərlə tərk edərək yüksəkliklərə üz tutublar.
Zəlzələnin episentri Ende şəhərindən təxminən 68 kilometr şimal-qərbdə yerləşib. Dağıntıların ümumi miqyası hələ tam müəyyənləşdirilməyib.
İndoneziya Sakit okeanın “Atəş halqası” adlanan seysmik aktiv zonasında yerləşdiyindən güclü zəlzələlərlə tez-tez üzləşir. 1992-ci ildə Flores sahillərində baş verən 7,7 maqnitudalı zəlzələ sunamiyə səbəb olmuş və təxminən 2,5 min insanın ölümünə gətirib çıxarmışdı.