Reuters: “Bloomberg” və iki ticarət şirkəti Trampın “Truth Social” paylaşımlarına daha sürətli çıxış üçün pul ödəyir

Reuters: “Bloomberg” və iki ticarət şirkəti Trampın “Truth Social” paylaşımlarına daha sürətli çıxış üçün pul ödəyir
“Bloomberg” informasiya agentliyi və yüksək tezlikli ticarətlə məşğul olan iki şirkət — “Susquehanna International Group” və “Jump Trading” ABŞ Prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımlarına sürətləndirilmiş çıxış imkanı verən ödənişli xidmətə abunə olub. Bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, xidmətin aylıq abunə haqqı 60 min dollardan 100 min dollaradək dəyişir. “Trump Media & Technology Group” şirkətinin iyul ayında istifadəyə verdiyi “Truth API” xidməti Trampın paylaşımlarını platformanın adi monitorinqi ilə müqayisədə daha tez əldə etməyə imkan yaradır. Şirkət nümayəndələrinin bildirdiyinə görə, sürət üstünlüyü 50 millisaniyəyə çata bilər.
Bu imkan, xüsusilə, xəbərləri alqoritmlər vasitəsilə avtomatik təhlil edən və əməliyyatlar həyata keçirən yüksək tezlikli treyderlər üçün əhəmiyyətlidir. Trampın sosial şəbəkədəki açıqlamaları maliyyə bazarlarına ciddi təsir göstərə bildiyindən, məlumatın əldə edilməsində hətta kiçik zaman fərqi belə ticarət strategiyalarında üstünlük yarada bilər. Məsələn, prezidentin aprel ayında “Truth Social”da İranla müharibədə atəşkəsin əldə olunduğunu elan etməsindən sonra neft fyuçerslərinin qiyməti kəskin ucuzlaşıb.
“Bloomberg”, “Jump Trading” və “Susquehanna” abunə ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər. “Trump Media” isə xidmətə tələbatın yüksək olduğunu bildirib və “Reuters”in materialını anonim mənbələrin yaydığı, yanlış təsəvvür yaradan məlumatlara əsaslanan xəbər kimi qiymətləndirib. Şirkət avqust ayında investorlara 10-dan çox müştəri ilə müqavilə bağlandığını bildirsə də, “Reuters” bu rəqəmi müstəqil şəkildə təsdiqləyə bilməyib.
Xidmət fəaliyyətdə olan ABŞ prezidentinin açıqlamalarına sürətləndirilmiş çıxışın pulla satılmasının etikliyi ilə bağlı suallar doğurub. İyul ayında demokrat senatorlar Elizabet Uorren və Adam Şiff ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) müraciət edərək bu praktikanın qiymətli kağızlar haqqında qanunvericiliyi pozub-pozmadığının araşdırılmasını istəyiblər. SEC məsələ ilə bağlı şərh verməyib.
Avqust ayında “Intercept Media” və “Freedom of the Press Foundation” məhkəməyə müraciət edərək ödənişli sürətli məlumat ötürülməsi kanalının mövcud olduğu şəraitdə rəsmi hökumət elanlarının yalnız “Truth Social” vasitəsilə dərc edilməsinin qarşısının alınmasını tələb ediblər. İddiaçılar hesab edirlər ki, belə sistem dövlət məlumatlarına bərabər çıxış imkanını məhdudlaşdırır və ABŞ Konstitusiyasına zidd ola bilər. Məhkəmə prosesi davam edir.
Trampın ailə tresti “Trump Media” şirkətinin səhmlərinin 41 faizinə sahibdir. ABŞ prezidenti isə həmin trestin yeganə benefisiarıdır. Ağ Evin nümayəndəsi Trampın və ailəsinin investisiya qərarlarının qəbulunda birbaşa iştirak etmədiyini bildirib. Bununla belə, prezident vəzifəsindən şəxsi mənfəət əldə etmək üçün istifadə edilməsi ilə bağlı ittihamlara münasibət bildirilməyib.
2022-ci ildə Tramp tərəfindən yaradılan “Truth Social” sosial şəbəkəsi “Trump Media & Technology Group” şirkətinə məxsusdur. Şirkət “Truth API” xidmətini, əsasən, nüfuzlu şəxslərin paylaşımlarına mümkün qədər sürətli çıxışa ehtiyacı olan maliyyə qurumları üçün yeni gəlir mənbəyi kimi təqdim edib.
“Reuters”in məlumatına görə, “Trump Media”nın bazar dəyəri 2024-cü ilin martında birjada ticarətə başladığı dövrdəki təxminən 8 milyard dollardan 1,8 milyard dollaradək azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.