“Azərbaycan müəllimi” qəzetindən məktəbdə jurnalistlərə hücumla bağlı mövqe

Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanı olan “Azərbaycan müəllimi” qəzeti Yasamal rayonundakı 225 nömrəli məktəbdə jurnalistlərin hücuma məruz qalması ilə bağlı məqalə yayımlayıb.
Məqalədə hadisə zamanı media nümayəndələrinin davranışları tənqid edilib. Yazı sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Nəşr bildirib ki, məktəbdə azyaşlı şagirdin həyatını itirməsi ilə bağlı faciəvi hadisədən sonra uşaqların, ailənin və məktəb kollektivinin psixoloji vəziyyətinə hörmətlə yanaşılmalıdır.
Şahidlərin sözlərinə əsasən, çəkiliş qrupundan azyaşlı şagirdlərlə müsahibə aparmamaq xahiş edilib. Lakin çəkilişlərin davam etdirildiyi, həmçinin vəfat edən şagirdin yaxınlarının razılığı olmadan onun görüntülərinin lentə alındığı iddia olunur.
Məqalədə bu cür halların uşaqların psixoloji təhlükəsizliyi baxımından yolverilməz olduğu vurğulanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin açıqlamasında da həssas hadisələrlə bağlı məlumatlar yayımlanarkən uşaqların anonimliyinin, təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyi qeyd edilib.
Qəzet eyni zamanda vurğulayıb ki, jurnalistlərin davranışlarına dair iradlar onlara qarşı fiziki zorakılığa bəraət qazandırmır. Hadisə obyektiv araşdırılmalı, zorakılıq faktına hüquqi qiymət verilməli, media nümayəndələrinin hərəkətləri isə peşə etikası baxımından dəyərləndirilməlidir.
Xatırladaq ki, ötən gün 225 nömrəli məktəbin 7-ci sinif şagirdi intihar edib. Hadisə ilə bağlı çəkiliş aparmaq üçün məktəbə gələn telekanal əməkdaşlarına bir qrup şəxsin hücum etdiyi bildirilir. Nəticədə operator xəsarət alıb. Hadisə ilə əlaqədar saxlanılanlar var və araşdırma davam edir.
“Space TV” də çəkiliş qrupunun hücuma məruz qaldığını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.