AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Flavio Bolsonaro özünü “Braziliya lideri” elan edib

  • + A
  • - A
  • Bu gün, 09:56

    Flavio Bolsonaro özünü “Braziliya lideri” elan edib

    Braziliyada keçirilən prezident seçkilərində Luiz İnasio Lula da Silvaya məğlub olan senator Flavio Bolsonaro ölkəni tərk edərək ABŞ-yə getdikdən sonra özünü “Braziliya lideri” elan edib.

    Bolsonaronun “X” sosial şəbəkəsində paylaşdığı, daha sonra silərək yenidən dərc etdiyi məktubda əvvəlcə özünü “əsl seçilmiş prezident” adlandırdığı, sonradan isə bu ifadəni “Braziliya lideri” ilə əvəz etdiyi bildirilir.

    Məktubunda ona dəstək verən Argentina Prezidenti Xavyer Mileyə və ABŞ Prezidenti Donald Trampa təşəkkür edən Bolsonaro ABŞ-ni azadlıqlar ölkəsi adlandırıb. O, Braziliyanı tərk etməsini qaçış deyil, siyasi mübarizə strategiyası kimi təqdim edib.

    “Braziliyadan qaçmadığımı, Braziliya üçün getdiyimi açıq şəkildə bildirmək istəyirəm. Xalqımın layiq olduğu lider olmaq üçün bu fövqəladə rejimi tərk etdim”, – deyə Bolsonaro yazıb.

    Senator Braziliyanın mövcud hakimiyyətini və məhkəmə sistemini sərt tənqid edib. O, Ali Məhkəmənin hakimi Kristiano Zanini seçkilərə müdaxilədə ittiham edib. Bolsonaronun iddiasına görə, səsvermə müddətinin iki saat uzadılması Lula da Silvanın ikinci turda 10 milyondan çox əlavə səs qazanmasına şərait yaradıb.

    Ölkəni tərk etmək qərarını zərurətlə izah edən Bolsonaro ailəsinin və tərəfdarlarının siyasi təqiblərə məruz qaldığını bildirib. O, mübarizəsini ABŞ-dən davam etdirəcəyini, Braziliyada demokratiya, insan hüquqları və azadlıq uğrunda mübarizəsinin yeni başladığını vurğulayıb.

    Məktubun sonunda özünü yalnız ona səs verən 60 milyon seçicinin deyil, bütün Braziliya xalqının lideri adlandıran Bolsonaro seçkiləri saxtalaşdırmaqda günahlandırdığı şəxsləri ölkədə tiranlıq qurmaqda ittiham edib.

    Bununla belə, seçkilərin nəticələri Braziliyanın rəsmi qurumları, o cümlədən Ali Seçki Məhkəməsi, məhkəmə sistemi, hökumət və Bolsonaronun namizədliyini irəli sürən Liberal Partiya tərəfindən tanınıb.

    Məlumata görə, korrupsiya və çirkli pulların yuyulması ilə bağlı araşdırmalar çərçivəsində Bolsonaronun pasportu müsadirə edilib. Buna baxmayaraq, onun səyahət qadağasına rəğmən ölkəni tərk etdiyi bildirilir. Braziliya Prezidenti Lula da Silva senatorun ölkədən getməsini “utancverici” adlandırıb.

    Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun həyatından bəhs edən “Qaranlıq At” bioqrafik filminin qanunsuz maliyyələşdirilməsi iddialarını araşdırır. “O Estado de S. Paulo” və “O Globo” qəzetlərinin məlumatına görə, Flavio Bolsonaro və onun yaxın çevrəsi başqa bir çirkli pulların yuyulması işi üzrə də araşdırılır.

    ABŞ Prezidenti Donald Tramp isə dünənki açıqlamasında Braziliya seçkilərinin nəticələrinə şübhə ilə yanaşdığını, Bolsonaro və ailəsinin ABŞ-yə girişinə icazə verdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR