AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: Azərbaycan və Türkiyə birlik, həmrəylik nümunəsi göstərirlər

  • + A
  • - A
  • 4-05-2021, 15:30

    Əliabbas Salahzadə: Azərbaycan və Türkiyə birlik, həmrəylik nümunəsi göstərirlər
    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Daim dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından bəhs edərək bildirib ki, bu birlik, həmrəylik regionda sülhün, təhlükəsizliyin təminatçısıdır: “İki dövlətin siyasi iradəsinin və qətiyyətinin sayəsində reallaşan layihələr ölkələr, xalqlar arasında dostluq körpüsünü daha da möhkəmləndirir. Türkiyə rəsmiləri əbəs yerə Azərbaycan və Türkiyəni eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzətmirlər. Həmin çinarın kölgəsi birgə həyata keçirilən layihələr sayəsində Qafqazdan Avropayadək bir çox ölkələrə uzanıb. Bu birlik, həmrəylik 30 il həllini gözləyən Dağlıq Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsi nəticəsində tarixə qovuşmasında özünü bir daha dünyaya nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır” bəyanatı dünyaya ciddi mesaj olmaqla yanaşı, Azərbaycana böyük mənəvi güc, dəstək oldu. Dövlətimizin başçısı İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən bir daha diqqəti Vətən müharibəsinə yönəldərək bildirmişdir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir. Vətən müharibəsində Qələbəmiz bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər. Rolumuz, təsir imkanlarımız artdı və artacaq.”

    Ə.Salahzadə vurğulayıb ki, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır: “Türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, “Bir millət, iki dövlət” tezisləri iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq salır. Bu gün bu əlaqələr Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində daha da möhkəmlənir, bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlanıb. İşğalçı Ermənistanın dağıtdığı, yerlə-yeksan etdiyi ərazilərimizi dost ölkələrlə birgə bərpa edirik. İlk olaraq Türkiyə şirkətləri dəstəklərini nümayiş etdirdilər. Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilən Zəngilanda ilk “ağıllı kənd” layihəsinin icrasında qardaş ölkənin şirkətləri fəal iştirak edirlər. Qardaşlığın simvolu olan və gələcəkdə görüləcək işlər hələ çoxdur. Türkiyə Prezidenti dostluğumuzun, həmrəyliyimizin bir daha dünyaya nümayişi olan qalib Azərbaycanın Zəfər Paradındakı nitqində bu əminliyi ifadə etmişdir ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.”

    Millət vəkili Azərbaycanın da hər zaman qardaş Türkiyənin yanında olduğunu önə çəkərək diqqəti aprelin 24-də ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına Azərbaycan tərəfinin etirazına yönəldib: “Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ABŞ Prezidentinin bu qərarını tarixi səhv adlandıraraq onun qəbuledilməzliyini bildirdi. Ölkə Prezidenti Co Baydenin tarixin saxtalaşdırımasına xidmət edən bu addımına Azərbaycan rəhbərliyinin və ictimaiyyətinin narahatlığını ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngində də ifadə etmişdir. Belə ki, cənab İlham Əliyevin “Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” fikirləri haqqı-ədaləti maraqlarına qurban verib yalana, tarixin saxtalaşdırılmasına şərik olan dövlətlərə ciddi mesaj oldu. Günbəgün möhkəmlənən bu birlik sayəsində bütün maneələr dəf edilir, həqiqətlər açıqlanır, dünya dövlətləri Azərbaycan və Türkiyənin timsalında həmrəyliyin nümunəsini görürlər. Bu gün Azərbaycan və Türkiyə birliyi yalnız xalqlarımız üçün deyil, bölgə, dünya üçün çox böyük önəm daşıyır. Ən əsası Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirəcək infrastruktur layihələrinin inşasında iki dost, qardaş ölkə birgə iştirakı əsrlərdən bu günümüzə körpü olan, tarixin sınaqlarından şərəflə çıxaraq daha da möhkəmlənən dostluq, qardaşlıq yolumuzun uğurlu və davamlı olduğunun təsdiqidir.”

    “İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir” söyləyən Əliabbas Salahzadə qeyd edib ki, hər iki dövlətin siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr təkcə iştirakçı deyil, eyni zamanda, dünya dövlətlərinin davamlı inkişafına geniş imkanlar açır: “Uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihənin müjdəçisidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə yeni reallıqlar yaradan Azərbaycan yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Bu əməkdaşlıq əlaqələrinin qurulması bölgəyə daimi sülh, əmin-amanlıq gətirəcək ki, bu da öz növbəsində iqtisadi imkanların artmasını təmin edəcək. Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. İki qardaş ölkənin qoşulmadığı və dəstək vermədiyi hər hansı layihə hədəfinə çata bilməz.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR