Politoloq Ülkər Piriyeva - Taliban qadınlara tətbiq etdiyi "qatı-mülayim" qaydalar ilə Avropa Birliyinin diqqətinimi çəkmək istəyir?ABŞ-ın son qoşunlarının bölgədən çıxarılması ilə Əfqanıstanda bir dövr sona çatdı.
Ölkəni ikinci dəfə ələ keçirən Taliban, verdiyi mülayim mesajların əksinə olaraq dünyanın diqqətini çəkməsinə səbəb olan addımları atmağa davam edir.
Belə ki, Taliban müəllimlərə və şagirdlərə erkən təhsilin qapılarını açdı, ancaq qız tələbələr çağrılmadılar.
Elə, 1990-cı illərdə də ilk Taliban hakimiyyəti dövründə qadınlar təhsildən və iş həyatından uzaqlaşdırılmışdı.Beləliklə, Talibanın yazılı açıqlamasında qızların məktəbə qayıtması ilə bağlı heç bir açıqlamaya yer verilməsə də, cümə günü qadınlardan məsul olan nazirliyi bağlayaraq onun yerini əvvəllər də ciddi dini prinsipləri tətbiq edən "Əxlaq Nazirliyi" ilə əvəz etdi.
Taliban Əfqanıstanın idarəçiliyinə keçdikdən sonra ölkədə sosial həyat bir tərəfdən normallaşsa da, digər tərəfdən Əfqan qadın və qızlarının gələcəyi ilə bağlı narahatlıqlar artmaqda davam edir, son açıqlamada Kabildə şəhər rəhbərliyində çalışan qadınlara - evlərinizi tərk etməyin, mesajı göndərildi.
İki həftə öncə Taliban Əfqanıstanın paytaxtı Kabildə öz hüquqlarını tələb edən onlarla qadının nümayişini dağıtmışdı. Nümayişçilər bildirmişdilər ki, prezident sarayına yürüş etmək istəyərkən Taliban qadınlara qarşı bibər qazından istifadə edib. Əfqanıstan mediası Tolo News-un verdiyi xəbərə görə, Taliban etirazın nəzarətdən çıxdığını iddia etmişdi. Əfqanıstanlı qadınlar son günlər Kabul və Herat şəhərlərində oxşar nümayişlər keçirərək işləmək və hökumət işlərində iştirak etmək tələbi ilə çıxış edirdilər. Ancaq talibanın əfqan qadınlara qarşı olan qatı qaydaları 90 cı illərdə olduğu kimi, bəlkə də o illərdən daha yumşaq bir şəkildə davam edir.
Yəni, Taliban əmrlərini pozduqlarına görə qadınlara qarşı ən sərt cəza üsullarına əl atırdı. Məsələn, 1990-cı illərdə qadınlar həbs edilir, işgəncə verilir və hətta öldürülürdü. O dövrdə, qadınların qamçılanması və ya meydanlarda hökmlərin icrası kimi cəzalar cəmiyyətə açıq şəkildə göstərilirdi. Qadın hüquq müdafiəçiləri o zaman belə hadisələrin təkrarlanmasından qorxurdular. Hər şeydən əvvəl, bu qadın hüquqları uğrunda mübarizə aparanlar və bu hüquqlardan istifadə etmək istəyən qadınlar üçün təhlükənin böyük olduğunu bildirirdi.
Taliban höküməti elan edilərkən hökümət sıralarında adları çəkilən şəxslər arasında bir qadının belə olmadığını hər birimiz gördük. Bununla bağlı, Əfqanıstan kanalına danışan Taliban sözçüsü Haşimi yeni elan edilən kabinetdə heç bir qadın nazirin olmaması ilə bağlı belə açıqlama verdi - Qadın nazir ola bilməz, sanki boynuna daşıya bilməyəcəyi bir şeyi bağladığınızı düşünün. Qadının kabinetdə olması lazım deyil, onlar ancaq doğum etməlidirlər, dedi. Lakin hökümət elan edilmədən öncə, Taliban qadınların hökumətdə nazir vəsifəsini tutmayacağını bildirsə də onların hökumət işlərində bir çox sahələrdə iştirak edəcəklərini söyləmişdi. Görünür verilən vədlər özünü bir qədər doğrultmur.
Bundan əlavə, keçən həftə Qəndəharda bir bankda çalışan doqquz qadını isə Taliban zorla evlərinə aparmışdı və evdə qalmaları lazım olduğunu onların yerinə isə bankdakı vəzifələrini kişi qohumlarının icra edəcəklərini bildirmişdilər.
Ancaq başqa bir mənbədə, məsələn BBC-yə danışan, Kabildə özəl bir klinikada çalışan qadın ginekoloq, siyasi qarışıqlığın onun iş həyatına heç bir təsiri olmadığını söyləyir. Adının çəkilməsini istəməyən ginekoloq belə deyib: Taliban Kabili ələ keçirdikdən üç gün sonra işə gəldim. Vəziyyət normal idi. Bəlkə də bu qadın ancaq qadına məxsus həkim olduğu üçün onun çalışmasına hər hansı manea olmayıb. Çünkü Talibanın açıqlamasının davamında belə bir ifadə də yer alırdı, hansı yerlərdəki kişilər qadınları əvəz edə bilməz, orda qadınların çalışması ehtimalı olacaq.
Ancaq digər tərəfdən də baxsaq, sanki qadınların cəmiyyətdə Talibana qarşı olan mövqeləri iki tərəflidir.
Əfqanıstanda idarəçiliyi ələ alan Talibanın, qadağaları hər addımda özünü göstərir. Belə ki, Talibanın rəsmi nümayəndəsi qadınların ölkədə idmanla məşğul olmasına icazə verilməyəcəyini açıqladı.
Talibanın mədəniyyət komitəsinin sədri Əhmədullah Vasiq Avstraliya mətbuatına verdiyi açıqlamada - Düşünürəm ki, qadınların kriket oynamasına icazə verilməyəcək. Çünki qadınların kriket oynamasına ehtiyac yoxdur - dedi.
Çünki, idman edən qadınların üzləri və bədənləri görünür. Taliban nümayəndəsi bu mövzuda aşağıdakı fikirləri də ifadə etmişdi - Qadınlar üzlərinin və bədənlərinin örtülməyəcəyi bir vəziyyətlə üzləşə bilərlər. İslam qadınlara bu şəkildə baxılmasına icazə vermir. Bu media əsrində hər yerdə foto və videolar hər yerə yayılır. İnsanlar rahatlıqla idman edən qadınların şəkillərinə baxa bilirlər. İslam və İslam Əmirliyi qadınların kriket oynamasına və digər idman növlərinə məşğul olmalarına icazə vermir.
Qısacası, bu gün, əfqan qadınları qorxu içində yaşayır.
BMT-nin Əfqanıstandakı Qadınlar Birliyinin nümayəndəsi Alison Davidian ötən həftə mətbuata verdiyi açıqlamada, bu ölkədəki insanların inanılmaz qorxu içində yaşadıqlarını, çünki taliblərin qadınlara qarşı mövqeyinin hələ də aydın olmadığını söyləmişdi. Əfqanıstanda qadın hüquqlarının hər keçən gün daha da pisləşdiyinə dair xəbərlərin olduğunu qeyd edən Davidian, qadınların kişi qohumu olmadan çölə çıxmasının qarşısının alındığını, qadınların bəzi əyalətlərdə işlərini tərk etmək məcburiyyətində qaldıqlarını, şiddətdən qaçan qadın sığınacaqlarının hədəf alındığını, insan hüquq müdafiəçiləri üçün qurulan təhlükəsiz evlərin tamamilə dolu olduğunu bildirdi.
Bu gün, Taliban hakimiyyəti altında Əfqanıstanda qadın olmaq çox çətindir.
Qadınlara mülayim bir şəkildə yaxınlaşacaqlarını bildirən Talibana qadınların güvənmədikləri göz qabağındadır. Hələ zülmün nə qədər artacağını bilməyən əfqan qadınlar, 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində yaşadıqları haqsızlıqları və məhdudiyyətləri nəzərə alaraq öz gələcəklərini heç də, parlaq görmürlər. Doğrudur, köhnə Talibanın dəyişmədiyini iddia etsələr də, Taliban indi 90-cı illərlə müqayisə də mülayim bir yanaşma sərgiləyir.
Bu yanaşmanın səbəbinin qonşu ölkələr və Avropa Birliyi ilə münasibətlərində diqqəti cəlb etmək üçün olub və ya olmamasını isə zaman göstərəcək. Bugün, bəzi qadınlar Taliban hökumətinə dəstək olaraq, bəzi qadınlar isə Taliban əleyhinə etiraz edirlər.
Qadınlar arasında ümumi fikir birliyi yoxdur. Görünür, qadınların cəmiyyətdən kənarda qalması və ya sosial və psixoloji dövrdən keçən qadınların keçmişdə yaşadıqları qorxulara görə özlərini cəmiyyətdən təcrid edib-etməmələri ilə bağlı müzakirələr bir müddət davam edəcək.
Hər bir halda vəziyyət bir müddət qarışıq olaraq qalacaqdır. Ancaq bir sual da var, görəsən, Avropa Birliyi Talibanı tanıyacaqmı?