Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib.
Tədbirdə hər iki ölkədən dövlət qurumlarının rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, iqtisadiyyat, enerji, informasiya kommunikasiya texnologiyaları, qida, yüngül sənaye, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit, turizm və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bolqarıstan energetika nazirinin müavini İva Petrova qeyd edib ki, hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişaf edən Azərbaycanla strateji əməkdaşlıq münasibətləri artıq yeni səviyyəyə çatıb. Bolqarıstan hökumətinin təbii qaz təchizatını şaxələndirmək və regionda enerji təhlükəsizliyini artırmaq istiqamətində Azərbaycanla mühüm əməkdaşlıq edir: "Avropa məqsədləri kontekstində bir-biri ilə əlaqəli və vahid ümumavropa qaz bazarının yaradılması üçün Bolqarıstan hökuməti qaz infrastrukturunun inkişafı, milli qaz ötürmə şəbəkəsinin genişləndirilməsi və qonşu ölkələrlə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu istiqamətdə bizim Azərbaycanla tərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır" - deyə Bolqarıstanın energetika nazirinin müavini vurğulayıb.
Forumda çıxış edən Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Bolqarıstanı Azərbaycanın qlobal enerji layihələrində fəal iştirakçı adlandıran nazir bildirib ki, enerji , o cümlədən yaşıl enerji sektorundakı əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütün Avropa regionu üçün enerji təhlükəsizliyini gücləndirən mühüm amildir. Nazir Məcnun Məmmədov əlavə edib ki, enerji ilə yanaşı, kənd təsərrüfatı, qida emalı, turizm və beynəlxalq yük daşımaları da daxil olmaqla, iqtisadi əlaqələri inkişaf etdirmək üçün əhəmiyyətli potensiala malik bir çox digər sektorlar da mövcuddur. Nazir iş adamlarını yeni əməkdaşlıq imkanlarını araşdırmağa çağırıb.
Forumda Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı investisiya və ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi müzakirə edilib.
Tədbirdə çıxış edən Bolqarıstan Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyinin icraçı direktoru Boyko Takov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bolqarıstan və Azərbaycanda biznes mühiti, sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlar haqqında danışıblar.
Daha sonra Bolqarıstan və Azərbaycanda investisiya mühiti barədə təqdimatlar keçirilib.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilir.
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
