Hazırda ali məktəblərə davam edən imtahanlar mediada bu mövzuya diqqəti artırıb. Təhsildə əsas problelərdən biri də işsiz diplomlulardır. Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur: “Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır”.
DİM rəhbərinin bir müddət əvvəl verdiyi bu açıqlama da maraqlıdır: “Texnologiyalar çox dəyişir. Ola bilsin ki, indi çox məşhur olan ixtisaslar 5 il sonra lazım olmayacaq. İxtisas seçimi yox, fəaliyyət istiqaməti təyin edilməlidir. Öz-özünü kəşf etmək üçün testlər var. DİM tərəfindən çoxdan individual xidmətləri göstərilir, müraciət edənlərin sayı isə elə də çox deyil. Amma 15-16 yaşlı uşaqlarda bunu etmək üçün Təhsil Nazirliyi ilə layihə həyata keçirəcəyik və bu dövlət layihəsi olacaq. Biz təfəkkürü dəyişmək üçün bunu etməliyik”.
Xatırladaq ki, ötən ay Məleykə Abbaszadə ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qisminin əmək bazarında olan tələbləri ödəyə bildiyini demişdi: “Bu da təəssüf ki, diplomlu işsizlərin və ya ixtisası üzrə çalışmayan kütlənin formalaşmasına gətirib çıxarır. Əsas səbəblərdən biri kimi ali məktəblərin təhsil proqramlarının nəzəri biliklər əsaslı olması və tələbələrini lazımi peşə bacarıqları ilə silahlandırmaması, proqramlar hazırlanarkən beynəlxalq və yerli kvalifikasiyaların tələblərinin nəzərə alınmaması olduğunu söyləyə bilərik”.
O halda, əgər ali məktəblər tələbi ödəyə bilmirsə, bu il niyə ixtisas yerləri 4 min artırılıb? Kifayət qədər diplomlu işsizlər varkən, qəbul planları niyə artırılır? Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir: “Bu səbəbdən son illər əmək bazarında ciddi dəyişikliklər baş verib. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün artıq tələbat azalıb. Valideynlər sovet dövründə olduğu kimi, indi də övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib. Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır”.
Ekspert vurğulayıb ki, düzgün ixtisas seçimi etmək hər bir abituriyentin həyatında vacib rol oynamaqla, gələcək karyeranın formalaşmasında ən zəruri amillərdəndir: “Çünki sizin bugünkü seçiminiz birbaşa olaraq gələcəkdəki iş həyatınıza təsir edir. Buna görə də ixtisas seçimi prosesinə son dərəcə ciddi yanaşmalı və bəzi amillərə diqqət edilməlidir. Həmin amillərə isə bilik və bacarıqların nələr olduğunu və daha sonra isə hansı ixtisaslara uyğun olduğunu aid etmək olar.
Əlbəttə ki, 17-18 yaşlı abituriyentlər həyatının bu vacib seçimində səhvlər edə bilər və hansı ixtisaslara həvəsli olduqlarını təyin etməkdə çətinlik çəkə bilərlər.
Əmək bazarında İKT sahəsi üzrə peşələrə; proqramçı, kompüter mühasibliyi, kompüter texnikasının təmiri ustası, kompüterçi dizayner, internet üzrə operator, həmçinin müxtəlif xidmət sahələri üzrə peşələrə; aşpaz, ofisiant, barmen, mehmanxana qulluqçusu, bərbər və s., eyni zamanda ixtisaslı fəhlə peşələrinə; elektrik-qaz qaynaqçısı, avtomobilin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, rəngsaz, elektrik qaz qaynaqçısı, dülgər-xarrat, mebel quraşdırıcısı, çilingər-yığıcı, tikişçi, elektrik avadanlıqlarının tənzimləyicisi, geniş profilli dəzgahçı, xalçaçı, şəbəkəçi, traktorçu-maşınçı, qənnadçı və s. peşələrə böyük ehtiyac var.
Dünyada bir çox araşdırmalar aparılır. Bu araşdırmalardan biri də “İşlərin Gələcəyi” adlı araşdırmadır. İqtisadiyyatın 15 böyük, 9 sənaye sektorundakı 13 milyondan çox işçisi ilə bir araşdırma edilib. Bu araşdırmanın nəticəsi heç də ürəkaçan deyil. Çünki yaxın gələcəkdə nə qədər iş yerlərinin itiriləcəyini göstərir. Buna görə 2025-ci ilə qədər 7.1 milyon iş ləğv olunacaq. Bunun qarşılığında isə 2.1 milyon yeni iş yaradılacaq. Yəni 2025-ci ilə qədər cəmi 5 milyon insan demoqrafik dəyişikliklər və texnoloji inkişaf səbəbi ilə işlərini itirəcəklər.
Süni intellekt, robot elmi, nanotexnologiya, 3D print, genetik və biotexnologiya kimi sahələrin inkişafı 4.0 Sənaye Dövrü yalnız iş modellərində deyil, iş bazarında da geniş bir dəyişimə səbəb olacaq. Gerçəkləşən dəyişikliklərlə insanların xüsusiyyətlərinin də yeni sahələrə uyğun inkişaf etməsi təxmin edilir.
Rəqəmsal dəyişimlə həyatın bütün sahələrində olan dəyişilikliyinə hər gün şahid oluruq. Yeni dünya ilə bərabər bu dəyişikliklər birbaşa olaraq iş həyatına da təsir edir. Digital dünyanın həyatımızdakı təsiri artmaqla da, informasiya texnologiyalarına və sosial medialara olan tələbatla əmək bazarında mütəxəssislərə və menecerlərə olan ehtiyacda artmaqdadır".
Kamran Əsədova görə, əmək bazarının ən yaxşı və perspektivli ixtisasları aşağıdakılardır:
“1.Software Development
Proqram mühəndisliyi ixtisası gələcəyin ən perspektivli və yüksək maaşlı ixtisaslarından birincisidir. Çünki İnformasiya Texnologiyalarına olan maraq və tələbat günü-gündən artmaqdadır. Azərbaycan əmək bazarında isə Proqram Təminatçısı ixtisasının əmək haqqı dəyəri 1000-2000 manat arasında dəyişir.
2.Market Research Analyst
Bazar Araşdırmaları üzrə Analitik deyə tərcümə olunan bu ixtisas korporativ və iri şirkətlərin məhsul portfelinin analizi və bazar araşdırması edən mütəxəssislərə yönəlmişdir və gələcəyin ən yaxşı ixtisasları arasında yer almaqdadır. Əmək haqqı namizədin iş təcrübəsinə əsasən təyin olunsa da, 1000-1500 manat arasında maaş verilməkdədir.
3.Accounting and Financial Consultancy
Gələcəyin ən yaxşı və qazancı yüksək olan digər bir ixtisası isə Mühasibat və Maliyyə Məsləhətçiliyidir. Bu ixtisasa olan maraq və tələbat hər daim yüksək olmuşdur. Əmək bazarında bu ixtisasa verilən maaş 2500-3000 manat dəyərindədir.
4.General Operations Manager
Ümumi Əməliyyat Meneceri olaraq tərcümə olunan bu ixtisas rəqəmsal və marketinq dünyasında tələb olunan və perspektivliyi yüksək olan peşə sahəsidir. Xüsusilə də elektron mağazaların inkişaf etdiyi bir zamanda çox uğurlu ixtisas sahəsidir. Həmçinin bu ixtisasda da əmək haqqı namizədin iş təcrübəsinə əsasən təyin olunsa da, 700-1500 manat arasındadır.
5.Lawyer
Hüquqşünas ixtisası da hər zaman yüksək qazanclı və tələbatı yüksək olan ixtisaslar arasında yer almış və almaqda da davam edəcəkdir. Bu ixtisasa verilən əmək haqqı isə 1000-2000 manat arasında dəyişir.
6.Financial Manager
Maliyyə Meneceri olaraq tərcümə olunan və iqtisadiyyatdakı dəyişikliklər səbəbindən dolayı və daimi dəyişən vəziyyətlərdən ötürü əslində maliyyə meneceri ixtisası hələdə gələcəyin ən yaxşı və qazancı yüksək olan ixtisaslar sırasında yer almaqdadır. Azərbaycan əmək bazarında isə bu ixtisasa verilən maaş 1000-2000 manat dəyərindədir.
Bunlardan əlavə, qeyd edim ki, “Mexanika, Materialşünaslıq mühəndisliyi”, “Dağ-mədən mühəndisliyi”, “Meterologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”, “Metallurgiya mühəndisliyi” , “Biotibbi texnologiya mühəndisliyi” kimi və bir-birinə iqtisadiyyat istiqamətində yaxın olan ixtisaslar öz əhəmiyyətin itirib yoxa çıxacaqlar".
Ekspert həmçinin qeyd edib ki, Azərbaycanda ixtisas seçimi məsələsində ölkə səviyyəsində araşdırma aparılmalı və regionlara uyğun olan lazımlı ixtisaslar müəyyən edilməlidir: “Hesab edirəm ki, universitetdə daha lazımlı ixtisasları yaradılmalıdır. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Sovet dövründə iş yerinin çox olmasına baxmayaraq, bizdə neft ixtisasları populyar deyildi. Amma indi yüksək bal toplayanların yarıdan çoxu neft ixtisaslarını seçirlər. Bir vaxt bizdə populyar olmayan gömrük ixtisası da artıq dəbdədir. Eyni sözü İT mühəndisləri barədə də demək olar. Məsələn, Gəncə-Qazax, Qarabağ və Şirvan bölgəsi üçün regiona uyğun olaraq xalçaçılıq mütəxəssisləri, Şəki-İsmayıllı üçün ipəkçilik mütəxəssisləri yetişdirmək lazımdır. Düşünürəm ki, bu sahələr üzrə yetişdirilmiş gənc kadrlar bölgələrin iqtisadiyyatına böyük töhfələr verərlər. Bu ixtisaslar yenilənməli, müasir tələblərlə cavab verən ixtisaslar yaradılmalıdır.
Məsələn, riyaziyyat, xarici dillər, ibtidai sinif və ümumiyyətlə, bütün ixtisaslar üzrə müəllim ixtisasları var. Düşünürəm ki, müəllim ali təhsilli olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Məsələn, Finlandiya orta məktəblərində magistraturanı bitirənlər ancaq orta məktəblərdə müəllim etmək hüququ qazanırlar. Demək, zaman dəyişib, tələblər başqadır. Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir.
Dünyada belə bir tendensiya gedir, gələcəyin yeni ixtisasları formalaşır. Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur. 20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. Bu haqda düşünən yoxdur".