AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi əhalinin sosial rifah halını yaxşılaşdıracaq

  • + A
  • - A
  • 29-09-2022, 20:20

    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi əhalinin sosial rifah halını yaxşılaşdıracaq
    Məşhur Məmmədov,
    Millət vəkili


    Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək Qanunda dəyişiklik və yenidən hazırlanması zərurəti yaratdı. Qanuna edilən dəyişikliklərə diqqət yetirdikdə görmək olur ki, bütün bunlar əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.

    “Əmək pensiyaları haqqında” AR Qanununda sözügedən maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədirdi və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəb proses idi.
    Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur.

    Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.

    Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilən tapşırıqların icrasını təmin etmək məqsədilə, Nazirlik tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik layihəsi hazırlanmışdır. Layihə bu baxımdan iki əsas istiqaməti – maddi yardımların pensiyaların tərkibinə daxil edilməsini (1) və qulluq əlavəsi alan şəxslərin pensiyasının növbəti ilin 1 yanvarından indeksasiya metodu vasitəsilə artırılması (2) imkanının yaradılmasını özündə əks etdirir.

    Qanunun 29.2-ci maddəsinin hazırda qüvvədə olan şərtlərinə əsasən indiyədək qulluq əlavəsi alan şəxslərin pensiyası, həmin şəxslərin əvvəllər tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və artırılırdı. Ölkəmizə bu kateqoriyadan olan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında da bir neçə ilə heç bir artım olmur, bu da müzakirələrə səbəb olur.
    Lakin Qanunun 29.1-ci maddəsinə əsasən ümumi əsaslarla təyin edilmiş (yəni sığorta) pensiyalar isə hər ilin əvvəlində nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılırdı və beləliklə həmin pensiyaların real dəyəri qorunmuş olur. Göründüyü kimi, pensiyaların real dəyərinin qorunması ilə bağlı Qanunun hazırda tətbiq edilən müddəaları pensiyaçılar arasında ayrı-seçkiliyə səbəb olmaqla yanaşı, pensiyaları bütövlükdə dəyər itkisindən qorumağa imkan vermirdi.

    Digər tərəfdən, Layihənin hazırlanması zamanı pensiyaçıların sosial rifahı önə çəkilmiş, əvvəlcə maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi nəzərdə tutulmuş, vahid indeksasiya metodunun isə bundan sonra tətbiq edilməsi qərara alınmışdır. Bu isə o deməkdir ki, maddi yardımlar da ilin əvvəlində indeksasiya edilərək artırılacaq və beləliklə Ölkə Başçısının təşəbbüsü ilə ödənilməsinə başlanılmış maddi yardımların pensiyaçılara 2 qat müsbət təsirinə (kumulyativ effekt) nail olunması hədəflənmişdir.

    Qulluq əlavəsi alan şəxslərin pensiyasının əməkhaqqı artımları əsasında yenidən hesablanaraq artırılması praktikası (hazırkı təcrübə) bu kateqoriyadan olan şəxslərin işlədiyi qurumun təqdim etdiyi məlumatları əsasında mümkün olduğu üçün, həm pensiya təyin edən qurumun (DSMF) həm də həmin qurumların özünün işini kəskin şəkildə artırır. Digər tərəfdən, yenidən hesablanma insan tərəfindən əl ilə aparıldığı üçün texniki səhvlər baş verə bilir. Bu isə həmin şəxslərin şikayətlərinə və haqlı narazılıqlarına səbəb olur.

    Bundan əlavə, Layihə Qanunun digər maddələri ilə pensiyaların artırılması mexanizmi arasında uyğunluğun təmin edilməsi baxımından da təqdirəlayiqdir. Belə ki, Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - ... sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, pensiya təyinatı zamanı sığortaolunanın itirdiyi əməkhaqqısı bir dəfə nəzər alınır və bundan sonra isə beynəlxalq təcrübədə də olduğu kimi, pensiyalar hər il dəyər itkisindən (inflyasiyadan) qorunmalıdır. Bu baxımdan, hər dəfə əməkhaqqı artımı zamanı qulluq əlavəsi alanların pensiyasının yenidən hesablanaraq artırılması adıçəkilən maddə ilə uyğunluq təşkil etmir.

    Qeyd edim ki, Layihə ilə təklif edilən vahid indeksasiya metoduna keçid daha dəqiq desək, pensiya artımlarında vahid indeksasiya metoduna keçilməsi dünyada qəbul edilmiş mexanizmdir.

    Son 10 ildə indeksasiyaya görə pensiyalar - 98% (kumulyativ) artmışdır. Əməkhaqqındakı sonrakı artımlar əsasında ən böyük kontingentə malik olan hərbi rütbəli şəxslərdə bu artım – 59% (kumulyativ), dövlət qulluqçularında isə - 69% (kumulyativ) olmuşdur.

    Layihə bütövlükdə hal-hazırda pensiya alan bütün şəxsləri əhatə edəcəkdir. Çünki maddi yardım 2022-ci ildə həm ümumi əsaslarla, həm də xüsusi şərtlərlə təyin edilmiş şəxslərə ödənilmişdir. Bu baxımdan həmin maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi bütün kateqoriyadan olan pensiyaçılarımızın sosial rifahını yaxşılaşdıracaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR