Bu gün Bakı KOB Evində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalaırnda rəqabətliyinin artırılması” layihəsi çərçivəsində sahibkar və dövlət qurumları nümayəndələri ilə “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda müzakirələr aparılıb.
QHT.az xəbər verir ki, müzakirələrdə sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakçılığın artırılması istiqamətində biznesin səmərəli faydalanmasını təmin edilməsi, sahibkarların satınalma proselərinə dair məlumatlarının bilik və bacarıqlarının artırılmsası zərurəti olduğu vurğulandı. Gələcəkdə bu istiqamətdə də müvafiq təlimlərin keçirilməsinə ehtiyacın olduğu qeyd edildi.
İqtisadçı
Eldəniz Əmirov dövlət satınalmalarının ölkə iqtisadiyyatındakı roluna və qanunvericilikdə aparılan yeniliklərə toxunub. Eldəniz Əmirov bildirib ki, dövlət satınalmaları təkcə sənəd dövriyyəsi deyil, həm də şəffaflıq, dürüstlük və effektiv idarəetmə mədəniyyətidir:
“Dövlət satınalmaları həm böyük layihələrin icrasında, həm də sahibkarlığın inkişafında mühüm rol oynayır. Bu mexanizm iqtisadi fəallığın artırılmasına, regionlarda iş yerlərinin yaradılmasına və dövlət resurslarının səmərəli istifadəsinə şərait yaradır. Son illər bu sahədə əhəmiyyətli irəliləyişlər müşahidə olunur. 2014-cü ildə dövlət satınalmalarının ümumi həcmi 3 milyard dollar civarında olduğu halda, 2024-cü ildə bu rəqəm təxminən 9,8 milyard manata çatıb. Bu, təxminən 50 faiz artım deməkdir və göstərir ki, dövlət satınalmaları iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. İqtisadi münasibətlərin dinamik inkişafı qanunvericiliyin də mütəmadi yenilənməsini tələb edir. Dövlət Satınalmaları haqqında Qanun 2002-ci ildən bəri bir neçə dəfə təkmilləşdirilib və 2023-cü ildə yeni redaksiyada qəbul olunaraq 2024-cü ildən qüvvəyə minib. Dəyişən iqtisadi münasibətlərə uyğunlaşmaq vacibdir və bu istiqamətdə sahibkarların da təklifləri önəmlidir".
İqtisadi və Sosial Araşdırmalar Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert
Eyyub Kərimli bildirib ki, son aylarda Xaçmaz, Gəncə, Yevlax, Lənkəran, Şəki və digər regionlarda sahibkarlarla görüşlər və təlimlər keçirilib. Onun sözlərinə görə, layihə dövlət maliyyə dəstəyi ilə altı regionda icra olunub və məqsəd sahibkarların dövlət satınalmaları, xüsusən elektron tender prosesi barədə biliklərini artırmaqdır.
"Regionlarda bir çox sahibkarlar tender imkanlarından xəbərsizdir. Əgər sahibkarlara texniki və peşəkar dəstək göstərilsə, onlar tender proseslərində uğurla iştirak edə bilərlər. Bu, həm regionlarda məşğulluğun, həm də yerli iqtisadi fəallığın artmasına səbəb olacaq.”
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Satınalma şöbəsinin müdiri
Elşən Həsənov tədbirdə çıxış edərək dövlət satınalmalarının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi barədə danışıb. O bildirib ki, sahibkarların, xüsusilə də inklüziv və mikrosahibkarların bu prosesdə fəal iştirakı vacibdir:
“Sahibkarlar nə qədər çox maraq göstərsələr, qanunvericiliyin təkmilləşməsi bir o qədər sürətlə gedər. Dövlət də maraqlıdır ki, kiçik sahibkarlar prosesə qoşulsunlar, çünki onlar iqtisadiyyatın onurğa sütunudur. Satınalmalarda elektronlaşma genişlənir, beynəlxalq əməkdaşlıq gücləndirilir və qanunvericilikdə dəyişikliklər uzunmüddətli strategiya əsasında aparılmalıdır. Qarabağ bölgəsinə göndərilən kadrların təcrübəsi və peşəkarlığı sistemin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır".
Satınalmalar üzrə ekspert
Etibar Qasımov qeyd edib ki, bu sahədə maarifləndirməyə ciddi ehtiyac var:
“Müşahidə etdik ki, dövlət satınalmaları sahəsində bilik və məlumat azlığı mövcuddur. Bu səbəbdən diqqəti bu istiqamətə yönəltmək vacibdir. Yalnız Bakı deyil, bölgələrdə fəaliyyət göstərən qurumlar arasında da bu barədə məlumat çatışmazlığı hiss olunur. Prosedurlar izah edildikcə və ətraflı məlumat verildikcə, mövzuya böyük maraq yaranır.”
Müzakirələr zamanı ekspert
Rüstəm Kərimov da iştirakçıların suallarını cavablandırıb. O, dövlət satınalmalarında şəffaflığın artırılması, prosedurların sadələşdirilməsi və sahibkarların prosesə daha aktiv qoşulmasının vacibliyini vurğulayıb:
"Bu cür açıq dialoqlar sahibkarların bilik və bacarıqlarının inkişafına mühüm töhfə verir".
Qurum nümayəndələri ilə geniş fikir mübadiləsi aparılaraq sahibkarları maraqlandıran suallar qanunvericiliyin tələbləri müzakirə edildi. İştirakçıların məlumatlarının dərinləşməsi və özünümarifləndirmə prosesinin daha da təkmilləşdirilməsi üçün onlara satınalma proseslərinin hüquqi və praktiki məsələrini əhatə edən Dövlət satınalmalarının təşkili və idarə edilməsi adlı kitablar təqdim edildi.
Müzakirələr konstruktiv, qarşılıqlı dialoq və işgüzar mühitdə baş tutdu.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.
Pərvanə Fərhadqızı