“İranın Cənubi Qafqaz siyasəti”
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirir. Qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi isə dövlət siyasətində prioritet təşkil edir. Bu günlərdə cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmadı. Geniş oxucu auditoriyasının bu mövzu ilə bağlı marağını nəzərə alaraq AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının İran-Azərbaycan münasibətlərindən bəhs edən elmi-tədqiqat xarakterli məqaləsini oxucularımıza təqdim edirik.
(əvvəli 27 oktyabr tarixli sayımızda)
10 yanvar 1994-cü il tarixində Azərbaycan Respublikasının İrandakı səfirliyinin müvəqqəti işlər vəkili H.Əlibəyli ilə Rusiya Federasiyası Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri üzrə xüsusi nümayəndəsi V.N.Kazimirovun Tehrandakı görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılmış və bu zaman V.N.Kazimirov bildirmişdir ki, ilk mərhələdə atəşin dayandırılması ilə eyni vaxtda Dağlıq Qarabağdan kənarda işğal edilmiş torpaqlardan erməni qoşunları çıxarılır və sonrakı mərhələdə Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilir, əks halda, onun dediyinə görə, ermənilər Gülüstan və Ağdərə rayonları məsələsini qaldıracaqdılar. Azərbaycan Respublikasının İrandakı səfirliyinin hazırladığı gündəlikdə belə şərh edilir ki, Kazimirovun səfirlik vasitəsilə Azərbaycan hökumətinə göndərmək istədiyi bu mesajlar, İranda, xüsusilə də etnik cəhətdən bu ölkənin şimal-qərbində böyük çoxluqda yaşayan və ən böyük inzibati-ərazi vahidlərinə malik olan azərbaycanlı əhali arasında aparılan təbliğatların bütün tərəflərinin Rusiya və İran hökumətləri ilə uzlaşdırılmasına xidmət edirdi. Belə ki, 1994-cü il ərzində dəfələrlə Tehrana gəlmiş, İran hakim dairələrində görüşlər keçirmiş V.Kazimirov İran Azərbaycanındakı vəziyyətlə, eyni zamanda da yerli azərbaycanlıların Dağlıq Qarabağa münasibətdə formalaşan əhvali-ruhiyyələri ilə xüsusilə maraqlanmışdır. Sözsüz ki, İran hakim dairələri də Dağlıq Qarabağ münaqişəsi fonunda yerli azərbaycanlıların təşkilatlanmasından, çıxış etmələrindən və dövlət qarşısında müvafiq tələblər qoymalarından narahat idilər. Buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, regionda iqtisadi-ticarət təhlükəsizliyinin təmin olunmasında İran Rusiya hökuməti ilə müştərək fəaliyyət planlarının hazırlanmasında maraqlı idi. Elə bu zamanlarda da İranın yerli mətbuat səhifələrində V.Kazimirovun dilindən yazırdılar ki, əgər Azərbaycan tərəfi Bişkek sülh proqramının şərtlərini (əslində bu sülh proqramı Rusiya tərəfindən hazırlanmış və təqdim edilmişdir) qəbul etməzsə, yaxın zamanlarda daha iki-üç rayonunu itirəcəkdir. Xatırladaq ki, V.Kazimirovun 2009-cu ildə "Qarabağa sülh: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçiliyi" adlı kitabında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxta, qərəzli, qeyri-obyektiv mövqeyi və yanlış fikirləri yer almışdır. V.N.Kazimirovun bu mövqeyinə cavab olaraq Q.Hacıyev, Sədi Nuriyev tərəfindən hazırlanmış "Vladimir Kazimirovun "Qarabağa sülh" arzusu və əsl niyyəti" adlı kitab zamanında işıq üzü gördü və bu məsələyə tutarlı, tarixi və obyektiv mənbələrə söykənən dəlillərlə cavab verildi.
2004-cü ildə Bakıda "Çaşıoğlu" nəşriyyatında İİR-in Bakıdakı səfirliyi tərəfindən (Azərbaycan və fars dillərində) "Heydər Əliyevin İran İslam Respublikası ilə əlaqədar baxışları" adlı kitabda yazılır ki, Heydər Əliyev İranın Ermənistan üzərində olan nüfuzundan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istifadə etməyin gərəkliyi barədə İran İslam inqilabının qələbəsinin ildönümü münasibətilə 11 fevral 2000-ci il tarixində Bakıda keçirilən mərasimdəki çıxışında demişdir ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində ümidvaram ki, İran dövləti sülhə nail olmaq üçün daha təsirli fəaliyyətlər göstərəcəkdir. Bu sahədə İran dövləti böyük imkanlara malikdir. Bildiyiniz kimi, İranın Ermənistanla sıx ticarət, iqtisadi və digər əlaqələri var və onlar üzərində təsir imkanına sahibdir".
İran mətbuatı və elmi ədəbiyyatıİran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı siyasi, iqtisadi, ticarət, mədəni-ədəbi və turizm sahələri üzrə mövcud olan münasibətlərə baxmayaraq, İranın ictimai, o cümlədən elmi fikrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə fərqli mövqelər formalaşmışdır. Şovinist mövqedə duran fars millətçiləri bu problemdə erməni təcavüzünə bəraət qazandırmağa çalışırlar. Bununla onlar İran azərbaycanlılarının sözügedən münaqişəyə münasibətini dəyişdirməyə cəhd göstərirlər. Nisbətən obyektiv mövqedə dayanan İran müəllifləri isə problemin mahiyyətini, münaqişənin gedişini işıqlandırmağa çalışmaqla iranlılarda münaqişəyə doğru-düzgün münasibət formalaşmasına təsir edirlər. İctimai fikrin qeyd olunan bu ziddiyyətli cəhətləri İİR hakimiyyətinin və eləcə də ayrı-ayrı vəzifə sahiblərinin münaqişəyə münasibətində öz əksini tapmışdır.
Ermənilər Dağlıq Qarabağ münaqişəsi dövründə İİR rəhbərliyindən mənəvi dəstək almaq məqsədilə özlərinin farslarla bir kökdən, yəni ari soyundan gəldiklərini geniş təbliğ edir və coğrafi yer adlarını özlərinin adları ilə bağlayırlar. İranda, xüsusən Güney Azərbaycanda, bir sıra qədim yaşayış məntəqələrini və oradaki tarixi abidələri, qalaları, körpüləri, dağları, ibadətgahları erməniləşdirməyə cəhd edən bəzi "tədqiqatçilar" indi də farslarla ermənilərin milli kimliklərinin farslarla eyni soykökündən olduğunu meydana atıblar. Əslində bu təbliğatın bünövrəsi İranda azərbaycanlılara qarşı milli şovinist siyasətin nəzəri-hüquqi əsaslarını özünün daxili və xarici siyasətinin əsas istiqamətlərindən birinə çevirən Rza xanın şahlıq taxtına çıxdığı vaxtdan (1925-ci ildən) qoyulmuşdur. İndiki vaxtda da İrandakı siyasi mühitdən və Qarabağ müharibəsi ilə bağlı İran-Ermənistan münasibətlərindəki durumun vəziyyətindən öz mənafeləri üçün istifadə edən erməni əsilli İran tarixçiləri, eyni zamanda onların xaricdəki havadarları ermənilərin "qədimdən iranlılarla vahid köklü qardaş, ən uzağı "əmioğlu" olduqlarını sübut etmək üçün yeni-yeni elmi və tarixi əsası olmayan "mənbələrə" istinad edir, kitablar yazır və çap etdirirlər. Belə nəşrlərdən biri də Hoyan Andranikin Tehrandakı "Diba" mətbəəsində 2000 nüsxədə çap edilmiş 242 səhifəlik "İranlılarla ermənilərin mədəni əlaqələri" kitabıdır. Kitabdakı bəzi başlıqların adları bir çox mətləb və məqsədlərə aydınlıq gətirir: "Ermənilərin qədim tarixi", "Erməni dili və onun fars dili ilə bağlılığı", "İranlıların və ermənilərin birgə inancları", "İranlıların və ermənilərin müştərək bayramları", "Firdovsi "Şahnamə"sinin erməni əxlaqına təsiri", "Erməni-fars mədəniyyətlərinin qarşılıqlı təsiri", "İranda erməni çapxanaları və nəşrləri", "İranda erməni teatrı", "Ermənilər İran filmlərində", "İranda ilkin erməni yazıçı və tərcüməçiləri", "İran universitetlərində erməni müəllimlər" və s. Bu başlıqlar müəyyən təsəvvür yaratmağa imkan versə də, kitabda verilmiş bəzi məqam və fikirlər üzərində dayanmaq, onlara aydınlıq gətirmək üçün müvafiq şərhlər verilməsi yerinə düşərdi. Bu, həm də ona görə lazımdır ki, oxucu qonşu İranda "elm" aləmində fəaliyyət üçün özlərinə münasib meydan və əlverişli elmi-ədəbi mühit tapmış erməni "ziyalıları"nın yaltaq və ikiüzlü siyasətləri, "suyu bulandırıb balıq tutmaq" cəhdləri ilə bir daha tanış olsun. "İranlılarla ermənilərin mədəni əlaqələri" kitabının müqəddiməsində H.Andranik bu əlaqələrin 28 əsr bundan əvvəl yarandığını və bu əlaqələrin iki xalqı qədimdən biri-birinə bağladığını qeyd etdikdən sonra indiki Ermənistan (tarixi İrəvan) ərazisinin "İran düzənliyi" adlanan bölgənin bir hissəsi olduğunu yazır. Həm ermənilərin, həm də iranlıların bir kökdən - ariya kökündən olduğunu, hətta türklərə, qismən ərəblərə və digər qonşu ölkələrə aid ərazilərin ariya köklü İran və ermənilərə məxsus olduğunu xüsusi iddia ilə vurğulayır. Erməni müəllif qədim erməni dilinin iranlıların dili ilə "yaxınlığına" və "qohumluğuna" aid çoxlu misallar gətirir və İran məkanı daxilində yaşayan, əhalinin mütləq çoxluğunu təşkil edən digər millətləri də fars köklü hesab edir. Əhəmənilər və Ərşaqilər dövründə erməni adlarının eyni olduğunu söyləyir. Müəllif dediklərini belə bir cümlə ilə yekunlaşdırır ki, "heç bir millət və xalq ermənilər qədər iranlılara yaxın olmamışdır. Bir ailəni təşkil edən bu iki millətin mədəni əlaqələri bu kitabda nəzərdən keçirilir. H.Andranik daha sonra iranlı müəllif Firudin Cənidiyə istinadən qeyd edir ki, iranlıların və ermənilərin yaşadığı ərazi "Şahnamə"də göstərildiyi kimi, Mazandaran dənizindən başlamış Amurdərya və Aral gölünə qədər uzanan geniş bir sahəni əhatə etmişdir. Ariyalıların bir qolu olan ermənilər də guya bu ərazinin sahiblərindən olmuşlar. Ərazinin böyük bir hissəsinin İranın və Ermənistanın əlindən çıxdığını da erməni müəllifi təəssüflə qeyd edir. Tarixi həqiqəti gizlətməyə cəhd edən H.Andranik yazır ki, guya miladdan əvvəl 2-ci minillikdə ariyalılardan olan xalqın bir hissəsi Mazandaran dənizinin şimalından başlayıb cənubuna doğru hərəkət etmiş və onların məskunlaşdığı bu ərazi sonralar Ermənistan, daha cənuba gedən hissə isə İran adlanmışdır. Hoyan Andranikin qeyri-elmi məntiqinə və həqiqətdən uzaq bu iddialarına sanki cavab kimi cənublu alim Məhəmməd Tağı Zehtabi özünün "İran türklərinin əski tarixi ən qədim dövrdən İskəndərə qədər" (əski əlifba ilə), (I cild, Təbriz, 1999), kitabında yazır: "Tarix göstərdiyinə görə, iltisaqi dilli və Orta Asiyadan gəlmə ellər, xalqlar və tayfalar üç min il ariyalılardan qabaq məntəqəmizdə, o cümlədən Azərbaycanda yaşayan əsas xalqlar olmuş və ariyalıların gəlməsinə qədər özləri müxtəlif dövlətlər qurub hakimiyyət etmişlər". Regiondakı müsəlmanlara, xüsusən türklərə və iranlılara həmişə arxadan zərbə vurmuş, ona xəyanət etmiş ermənilər H.Andranikin "İranlılarla ermənilərin mədəni əlaqələri" kitabında İranın qədim və əbədi dostu kimi təqdim edilir. Guya, hələ eramızdan əvvəl 612-ci ildə ermənilər Mad padşahının xahişi ilə Assurlara qarşı müharibədə sədaqətlə iranlılara kömək etdiklərinə görə İran müharibədən qalib çıxmış, əvəzində İran padşahı da ermənilərin başçısı Barviri Ermənistanın padşahı elan etmiş və onun başına şahlıq tacı qoyaraq Ermənistanı İranın müstəqil əyaləti kimi tanımışdır. Maraqlı cəhət odur ki, erməni müəllifi H.Andranikin kitabında İranda islam dini qəbul ediləndən və yerli əhali müsəlman olandan sonra belə xristian ermənilərlə müsəlman iranlılar arasında qardaşlıq və köklü qohumluq əlaqələrinin artdığı qeyd olunur. Halbuki, xristian dünyasının müsəlman ölkələrə, o cümlədən əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan, Türkiyə və İran kimi dövlətlərə qarşı təşkil etdiyi "Səlib" yürüşləri zamanı yerli xalqlar arasında dostluq və mehriban qonşuluq əlaqələrinin bir çox hallarda qarşıdurmaya və düşmənçiliyə çevrilməsində erməni fitnəkarlığının və casusluğunun rolu az olmamışdır. Bu haqda çoxlu misallar gətirmək mümkündür. Müəllif kitabında belə bir faktı da ortaya qoyur: "1616-cı ildə İranla Osmanlı türkləri arasında gedən müharibədə ermənilər bütövlükdə İran ordusu tərkibində türklərə qarşı vuruşurlar". Mövcud tarixi sənədlər isə (həm İranda, həm də Türkiyədə) ermənilərin İran ordusu tərkibində Osmanlılara qarşı döyüşlərdə iştirakını nəinki rədd edir, əksinə, onların iki qonşu müsəlman ölkə arasında münasibətləri kəskinləşdirməkdə və qarşıdurma yaratmaqda bütün fitnəkar vasitələrə əl atmaqdan çəkinmədiklərini qeyd edir. Göründüyü kimi, erməni müəllif "Qərbi Ermənistan ərazisi" adı altında Türkiyəyə qarşı açıq, "Şərqi Ermənistan ərazisi" adı altında isə İrana (əslində Cənubi Azərbaycana) qarşı örtülü və məkrli ərazi iddiasını irəli sürür. Belə bir məzmunda və ermənilərin bu cür ərazi iddialarını əks etdirən kitabın İranda çapına yol verilməsi, doğrudan da, sağlam düşüncəli hər bir oxucuda təəccüb doğurur. Əgər belə bir kitabın işıq üzü görməsi İranda mətbuatın yayımına verilmiş konstitusiya hüquqları ilə əsaslandırılırsa, onda niyə İİR hakimiyyətinin müvafiq dövlət strukturları Şimali Azərbaycanda erməni vandalizminin XX əsrdə törətdikləri qanlı hadisələr, kütləvi qırğınlar, etnik təmizləmə, azərbaycanlıların soyqırımları, 1918-ci ildə Urmiya, Xoy, Salmasda və digər şəhərlərdə soyqırımların İranda geniş təbliği, Xocalı faciəsi, Qarabağın işğalı, Ermənistanın Azərbaycana hərbi təcavüzü, tarixi mədəni-mənəvi abidələrimizin dağıdılması və s. haqda həqiqətləri söyləyən kitab və albomların da Tehran, Təbriz və digər şəhərlərdəki müvafiq rəsmi qurumlara aid nəşriyyatlarda çapına icazə vermirlər.
İran mətbuatı və kütləvi informasiya vasitələri Dağlıq Qarabağda cərəyan edən hadisələr barəsində müxtəlif məzmunda yazılar dərc edirdi. Bu yazılarda faktiki materiallarla yanaşı, subyektiv fikirlər də özünə yer almışdır. Belə ki, Tehranda, Təbrizdə, Urmiyada, Ərdəbildə, Zəncanda, Miyanada və digər şəhərlərdə çap olunan qəzet və dərgilərdə, internet səhifələrində, eləcə də ayrı-ayrı müəlliflərin kitab və tədqiqat əsərlərində Dağlıq Qarabağda baş vermiş hadisələr milli və etnik kimlik baxımından qabardılır, oxucu kütləsinə təqdim edilir. "Varlıq", "Dilmac", "Haray", "Yol", "Öyrənci", "Körpü", "Azərbaycanın səsi", "Tribun" "Azər-Türk İnternational", "Azərbaycan", "Aftab-e Azərbaycan", "Xodafərin" kimi dərgilərin, "Comhuri-ye Eslami", "Fəcr-e Azərbaycan", "Salam", "Nəvid-e Azərbaycan", "Ağrı", "Şəms-e Təbriz", "Əhrar", "Avay-e Ərdəbil", "Omid-e Zəncan" və s. kimi qəzetlərin səhifələrində çap olunmuş məqalələrdə Dağlıq Qarabağda baş vermiş və günümüzə qədər davam edən hadisələrə obyektiv münasibətlərin bildirilməsi, eləcə də Qarabağ tarixi ilə bağlı həqiqətlərin söylənilməsi elmi və siyasi baxımdan çox önəmlidir.
Dövri mətbuat səhifələrində, ayrı-ayrı kitablarda Dr. Cavad Heyət, Səməd Sərdariniya, İsmayıl Hadi, Əlirza Ərdəbili, Həsən Raşedi, Böyük Rəsuloğlu, Mənuçöhr Əzizi, Tohid Məlikzadə, Camal Ayrumlu, Maşallah Rəzmi, Səməd Niknam, Səlcuq Kamal və Həsən Azərbaycanlı kimi cənubi azərbaycanlı müəlliflərin kəsərli məqalələri onların haqlı mövqelərini əks etdirməklə yanaşı, baş vermiş hadisələrə düzgün və ədalətli yanaşmağa imkan verir.
İran-Ermənistan münasibətləri
Qafqazda nüfuz dairəsi uğrunda mübarizədən İran da imkan daxilində istifadə edir və respublikaların problemlərindən yararlanaraq onları öz tərəfinə çəkməyə çalışır. Bu zaman Tehran öz milli maraqlarından çıxış edərək siyasət yürütmüşdür. İran İslam Respublikası yarandıqdan sonra onun xarici siyasətində Qafqazdakı müsəlman ölkələri ilə yanaşı, xristian ölkələri də mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu sahədə İİR Ermənistan ilə münasibətlərinə də xüsusi diqqət yetirmişdir.
Ermənistanın regionda ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyi ölkələr Rusiya və İrandır. Hərbi və iqtisadi sahədə daha çox Rusiyaya sığınan Ermənistan üçün coğrafi baxımdan İranla əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan və hərbi-siyasi müttəfiqi Rusiya ilə isə müştərək sərhədə malik olmayan Ermənistan İranı "həyat dəhlizi" adlandırır. Orta Asiya, Çin və Yaxın Şərqə məhz İran vasitəsilə yol tapan Ermənistan üçün İranla əlaqələrin zəifliyi onun beynəlxalq aləmdən tamamilə təcrid olunması deməkdir.
(davamı növbəti saylarımızda)