AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BOZ QURD və YEDDİ BAYRAQ ƏFSANƏSİ

  • + A
  • - A
  • 9-11-2022, 14:22

    BOZ QURD və YEDDİ BAYRAQ ƏFSANƏSİ

    (Nurəddin ƏDİLOĞLUNUN "Qara Sarmaşıq" romanından parça)

    Onlar Qurdlar məhəlləsinə çəkilib, Nasirin tanıdığı yeraltı yolla qalaya yaxınlaşdılar, silah-sursatlarını gizlətdilər. Axşamın düşməsini gözlədilər. Axşam qurd ulayanda yavaş-yavaş sürünüb qala divarlarına çatdılar.
    - Elə bil o bizə Şuşaya xoş gəldiniz, deyir.- Şahnaz xanım da əllərini ağzına söykəyib qurd kimi uladı. Birdən hər tərəfə qəribə sakitlik çökdü. Sükutun da fəryadı olur. Araya çökmüş əcayib sükutda doğmaları üçün darıxan Şuşanın səssiz fəryad edirdi. Bu zaman Nasir Azərin yardımı ilə hündür divara dırmanaraq Şahnaz xanımın Azərə, Azərin də ona uzatdığı bayrağı ehmallıca üzərinə Şuşa yazılmış qalanın Gəncə Qapısı səmtindəki bürcünə taxdı. Aylı-ulduzlu səmanın altında dalğalanan milli bayrağı seyr etdikcə bircə anlığa hər üçü kövrəldi. Elə bu vaxt onların yaxınlığında ucadan ulayan qurdun səsi qala divarlarında əks-səda verdi. Səs dalğa-dalğa üzü aşağı yayıldı. Lap uzaqdan kimsə qurdun ünvanına ermənicə söyüş göndərib, atəş açdı. Tənha qurdun səsini nişan alıb qarasına iki-üç gülə atıb, sonra tülki kimi öz yuvalarına çəkilməyə artıq vərdiş eləmişdilər. Gecənin bu aləmində qalaya sancılmış Azərbaycan bayrağını tülkülər- çaqqalar görməsə də, sanki boz qurd görüb, dərin düşüncələrə dalmışdı. Daha ulamadı... Amma heykəl kimi kürəyini qala divarına söykəmiş qaraltı bayaqdan bayrağa səssiz-səmirsiz baxa-baxa, göz yaşlarını saxlaya bilmədi. Sonra daş heykəl hərəkətə gəlib, diz üstə çökdü və hönkürtüylə ağladı.
    - Nasir, Azər, eşidirsinz, deyəsən kimsə lap yaxında ağlayır.- deyə Şahnaz xanım özünə yad gələn qəribə tərzdə dilləndi,- Aman Allah, bəlkə bu, bizim İntiqam bəydir?
    Nasirlə Azər diz üstə çökmüş heykələ yaxınlaşdılar. Heykəl nə gəzirdi, gözlərinə inana bilmirdilər, bu doğurdan da polkovnik İntiqam bəy idi; onları bağrına basmaq üçün qolarını açmışdı. Bir-birinə möhkəmcə sarılıb ay-ulduzlu bayrağa baxanda, İntiqam bəy özünü tez ələ aldı:
    - Toxdayın, qoy Şahnaz xanım bizim göz yaşlarımızı görməsin!- bunu İntiqam bəy pıçıldadı. Şahnaz xanım da beşcə addım o tərəfdə canlı heykələ dönmüşdü. Bir, iki, üç. Ömründə ilk dəfə kişi qolları arasında ayağı yerdən üzülən qadın o gecə özünü dünyanın ən xoşbəxt adamı sayırdı; bu gün kəşfiyyat dəstəsində sağ qalan sonuncu şagirdi Nasir dostu Azərlə birlikdə ona Şuşa boyda sevinc bəxş etmişdilər. Təkbaşına partizanlıq edən polkovnik İntiqam bəysə tarixin səhifəsinə qeyrət fəsli yazmışdı. O an Şahnaz xanımın sevincdən uçmağa qanadları yox idi. Amma qırmızı köksünə ağappaq ayı-ulduzu almış bayraqın mavi və yaşıl rəngli zolaqları Şuşa səmasında pərvaz edən quşun qoşa qanadına bənzəyirdi...
    (1995-1997- ci illər, Masallı, 2005-2007- ci illər, Bakı)

    Nurəddin ƏDİLOĞLU.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR