Amerikanın sabiq Prezidenti Donald Trampın və başqalarının vergi sənədlərini oğurlayan şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Azadmedia.az CNN politics saytına istinadən xəbər verir ki, 38 yaşlı Çarlz Littlkon Daxili Gəlir Xidməti ilə müqavilələri olan bir firmada işləyərkən Trampın vergi bəyannamələrini və digər şəxslərin vergi məlumatlarını oğurlayıb.
Belə ki, Littlkon məlumatları iki xəbər agentliyinə sızdırıb və sənədləri geri qaytarmazdan əvvəl notbukundan silib. Hakim Ana Reyes cinayətin ağırlığını vurğulayaraq, bunun ABŞ və onun hüquqi əsaslarına qarşı hücum olduğunu bildirib.
Həmçinin "Birləşmiş Ştatların sabiq prezidentinə qarşı yönəlmiş bu hücum konstitusiya demokratiyasına qarşı hücuma bərabərdir", - deyə Reyes qeyd edib.
Qeyd edək ki, hakim Littlkonun hərəkətlərini 6 yanvar 2021-ci ildə Kapitolidə baş vermiş hücum ilə müqayisə edərək, "bu hərəkətlərin demokratiya üçün təhlükə olduğunu" bildirib.
“Azad mətbuat və media ilə ictimai əlaqə istənilən sağlam demokratiya üçün çox vacibdir, lakin şəxsi vergi məlumatlarının oğurlanması və sızdırılması fərdləri ən həssas məlumatlarının hüquqi müdafiəsindən məhrum edir”, - deyə prokuror Littlkonun məhkəməsində bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.