Ailədaxili münaqişələr geniş vüsət alıb və bundan ən çox uşaqlar əziyyət çəkir. Ailədaxili münaqişələr boşanmaya, hətta qətl hadisələrinə belə gətirib çıxarır. Bu kimi halların olmaması üçün insan psixologiyasının idarə olunması, sağlam qalması şərtdir. Lakin həyat şərtləri insan psixologiyasına ciddi təsir göstərir və bu ailə üzvlərinə də siraət edir.
Ailədə intihar edən uşaqların da psixologiyasından sorumlu cəmiyyətlə yanaşı ailə üzvləridir. Bu səbəbdən ailələrin psixoloqa müraciət etməsi, ailə psixoloqlarının olması mütləqdir.
Dəfələrlə Milli Məclisdə ailə psixoloqu institutunun formalaşması mövzusu müzakirə olunub, ailədaxili münaqişələrdə psixoloji məqamların böyük rol oynadığı vurğulanıb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülər Məmmədova deyib ki, ailə psixoloqunun olması labüddür:
“Bir çox sivil ölkələrdə ailə psixoloqu var, əslində, hər bir ailə üçün bu labüddür. İnsanlar aldıqları məvacibdən asılı olmayaraq öz ailə psixoloqlarına mütəmadi müraciət edirlər. Bu da bir ittifaqa imza atmış cütlüklərin arasındakı konfliktlərlə əlaqəli olur. Cütlüklər birgə yaşayışa imza atanda onlar özlərini bütün problemləri ilə qəbullanırlar. Amma gedişatda nə ilə rastlaşacaqları məlum olmur. Ona görə də üzləşdikləri konfliktlərdə naəlac, çarəsiz qalırlar. Ailə psixoloqu institutunun yaradılması da ailə gedişatında, valideyn övlad münasibətlərində baş vermiş konfliktlərin çözülməsində böyük vəsilə ola bilər”.
O bildirib ki, evlənmədən öncə psixoloji durum müsbət qiymətləndirilsə də ailənin gedişində durum fərqli ola bilər:
“Psixoloq münasibətləri tənzimləmək, məsləhət vermək üçün deyil, hər iki şəxsin psixoloji durumunu, baş vermiş konflikti, situasiyaları tənzimləmək üçün mayakdır. Ona görə də insanlar düzgün psixoloq seçməli və ona müraciət etməlidirlər. Psixoloq tam bir insan olmalı, verdiyi tövsiyələr özünün yaşadıqlarından dolayı deyil, konkret bir ailənin böhran vəziyyətindən asılı olaraq yanaşmaları olmalıdır. Ailə elə bir birlikdir ki, orada baş vermiş konfliktlər müvəqqəti cərəyan edə bilər. Qısa bir zamanda onlar barışa, birləşə bilərlər. Bunun üçün də insanlar özlərini analiz etməlidirlər, yəni problemin neçə faizinin özlərindən qaynaqlandığını bilməlidirlər. Yaxşı olar ki, ailə quranadək insanların psixoloji durumu müsbət dəyərləndirilsin. Bir şey də var ki, ailə gedişatında, övladın dünyaya gəlişi, ona olan yanaşmalar, situasiyalar dəyişə bilər. Heç kim onu nə gözlədiyini münəccimlik edib anlaya bilməz. Ona görə də bu sınaqlara sinə gərmək üçün insanlar ailə qurmamışdan öncə hər şeyə hazır olmalıdırlar. Onları hər hansı uyğunsuzluqlar, fikir müxtəlifliyi gözləyə bilər. Getdiyimiz həyat yolunda xəyanət baş verir, buna görə ayrılmaq, bağışlamaq, anlamaq lazım gəlidiyini bilmək olmur. Bunlar o qədər həssas məsələdir ki, yalnız gedişat zamanı bilinir və hər kəsin də buna yanaşması fərdidir. Fərdi yanaşmalar olduğu üçün boşanma, qovuşmalar da anlaşılandır. Ailə psixoloqu institutunun olması isə müsbət haldır”.
Bizim.Media