AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

21 fevral “Gül çərşənbə” - Su çərşənbəsidir

  • + A
  • - A
  • 20-02-2023, 11:37

    21 fevral “Gül çərşənbə” - Su çərşənbəsidir

    Azadmedia.az folklorşünas-alim Elyar İslamoğlunun Su çərşənbəsi ilə bağlı maraqlı məqaləsini təqdim edir:
    Su həyat mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini, yeməklərini, məişətdəki hər bir işini suyun vasitəsilə edir. Gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq bir ənənədir. Yaradılışın əsası olan 4 ünsürdən (su, od, yel, torpaq) biri olan su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır. Buna görə də su müqəddəs sayılır. Qədim türklər yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram kimi qeyd edərək, 4 çərşənbə yaratmışlar. Həmin çərşənbələrin birincisi isə Su çərşənbəsi adlanır.

    Su çərşənbəsinə bəzən “ilk çərşənbə”, “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” də deyirlər. Ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, su çərşənbəsində gün çıxmamış su üstündən atdanarlar, tonqal yandırarlar. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər. Bəzi bölgələrdə, xüsusilə də Naxçıvan MR Şərur rayonunun Dizə kəndində gənclər “sulaşma” mərasimini də icra edirlər. Onlar özləri ilə götürdükləri qabları su ilə doldurub, su kənarına yeni gələnlərin üzərinə ataraq “bayramınız mubarək” deyirlər. İslananlar bundan qətiyyən inciməz, suyun onları paklaşdırdığını bildiyindən, cavabında “aydınlığa cıxasınız” deyərlər. Sonra hər kəs “ağırlığım, uğurluğum tökülsün bu suyun üstünə” deyərək suyun üstündən atlayar. Bəzən də niyyət edib suyun içərisindən daş götürürlər. Bu niyyət adətən götürüləcək daşın tək və ya cüt olması ilə müxtəlif cür yozulur. Sonra sudan bir ovuc daş və bir qab su götürərək evə qayıdırlar. Gətirilən daş ya azuqə qablarına qoyulur və ya evin künclərinə atılır. Bir sonrakı bayrama qədər orada qalır. Suyu isə həyət bacaya, evin astanasına və künclərinə çiləyib “il boyu aydınlıq olsun” deyirlər. Əgər evdəkilərdən kimsə su kənarına getməyibsə həmin sudan onun üzünə çiləyərək yuxudan oyadırlar. Xəstələrə yeni gətirilmiş çərşənbə suyundan içirdib, tez sağalması üçün yarasına həmin sudan çiləyərlər. Körpə uşaqların əl-üzünü çərşənbə suyu ilə yuyaraq, sudan onlara da içirdərlər. Suyun bir hissəsini də kənd yerlərində mal-qaranın üzərinə, əkin yerinə də çiləyərlər ki, məhsul bol olsun, evin ruzi-bərəkəti artsın. Çərşənbə suyundan qorxanların da başından bir az töküb qorxuluğunu alarlar.
    SU FALLARI. Subay qızların su çərşənbəsi günü əyləncələrindən biri də “su falı”na baxmaqdır. Fala baxmaq üçün sudan istifadə olunduğuna görə bu fala “su falı” deyilir. Bunun üçün gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan; bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayət oluna bilər. Falda istifadə olunan suya ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.
    Üzüklə su falı. Falı icra etmək üçün bir fincan (stəkan), nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə(tük) keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin gedəcək deyirlər.

    İynə ilə su falı.
    Falı icra etmək üçün iki iynə, biraz pambıq və bir kasa lazımdır. “Lal su” kasaya tökülür. Sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın adına, digərini o qızın istəklisi olan oğlan deyə niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən üsulluca kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Falın qaydalarına görə iynələr müxtəlif tərəflərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki, niyyət yerinə yetəcək, adları çəkilən oğlanla qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.

    Bəzək əşyaları ilə su falı.
    Bu falı icra etmək üçün müxtəlif bəzək əşyaları (məsələn: üzük, sırğa, sancaq, qolbaq) və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük, sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlayağı və ya bir parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək bir-bir bəzək əşyalarından birini sudan çıxarır. Məsələn, vəsfi-hal söyləyən qadın belə bayatılar deyir:
    Su gəlir, dolur çarxa,
    Tökülür bizim arxa.
    Burda bir yar sevmişəm,
    Qardaşdan qorxa-qorxa.
    ***
    Araxçının haşımı,
    Hara qoyum başımı.
    Məni sənə verməzlər,
    Tökmə gözün yaşını.
    ***
    Göydə ulduz olaydım,
    Xoşbəxt bir qız olaydım.
    Yar qapını döyəndə
    Evdə yalqız olaydım.
    ***
    Eləmi nəynən alım,
    Əlifnən, beynən alım.
    Yarım küsüb gedibdi,
    Könlümü nəynən alım.
    Söylənən vəsfi-hal (bayatı) sudan çıxan bəzək əşyasının sahibinə aid edilərək yozulur. Bəxtinə yaxşı söz çıxan adam ürəyində tutduğu niyyətinə çatacağına inanır.

    Su ilə bağlı atalar sözləri.
    Su axan arxa birdə gələr.
    Su axar, çuxurunu tapar.
    Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
    Susuz ağac bar verməz.
    Suyun lal axanı, adamın yerə baxanı.
    Suda boğulan saman çöpündən yapışar.
    Su sənəyi suda sınar.
    Sulu el abadan, susuz el viran olar.
    ***

    Su ilə bağlı alqışlar.
    Sucan ömrün olsun.
    Su kimi duru olasan.
    Su kimi paka çıxasan.
    Su qədər əziz olasan.
    ***

    Su ilə bağlı inanclar.
    Su kiçiyindir, yol böyüyün.
    Odu su ilə söndürmək günahdır.
    Su içən adamı ilan vurmaz.
    Qaynar suyu yerə tökmək olmaz
    Su içən adamı qəfil vurmazlar.
    Yuxuda su görmək aydınlıqdır.
    Səfərə çıxanın arxasınca su atarlar.
    Axar su murdar götürməz.

    Su Çərşənbəniz mübarək olsun! Ömrünüz su qədər saf, təmiz və aydınlıq içində keçsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR