ABŞ Konqresinin Nümayəndələr Palatası Demokratlar Partiyasının irəli sürdüyü və administrasiyadan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni təsdiqləyib.
İyunun 3-də keçirilən səsvermənin nəticələrinə görə, sənədin lehinə 215, əleyhinə isə 207 konqresmen səs verib. Beləliklə, demokratların təşəbbüsü dördüncü cəhddə Nümayəndələr Palatasından keçə bilib.
Qətnamə qüvvəyə minməsi üçün indi ABŞ Senatında da səsverməyə çıxarılmalıdır. Lakin sənəd Senatda da qəbul olunsa, Prezident Donald Trump ona veto qoya bilər. Bundan əvvəl, mayın 19-da Senat prosedur səsverməsində oxşar qətnaməni yeddinci cəhddə dəstəkləmişdi, lakin həmin sənədin də prezident tərəfindən bloklanacağı ehtimal olunurdu.
Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. ABŞ prezidenti aprelin 7-də İranla qarşılıqlı iki həftəlik atəşkəs elan etdiyini bildirib.
Aprelin 11-də İran və ABŞ arasında İslamabadda danışıqlar keçirilsə də, tərəflər mövcud fikir ayrılıqları səbəbindən uzunmüddətli nizamlanma barədə razılığa gələ bilməyiblər. Daha sonra, aprelin 21-də ABŞ prezidenti atəşkəs rejiminin uzadılması niyyətində olduğunu açıqlayıb.
İran dövlət televiziyasının yaydığı məlumata əsasən, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsi tanımaq niyyətində deyil və bundan sonra da öz milli maraqlarına uyğun addımlar atacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.