Fevralın 24-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, media ilə əməkdaşlıq müasir kommunikasiya alətlərindən istifadə olunaraq daha da təkmilləşdirilməlidir. Nazir müavini qeyd edib ki, sosial media kanallarından istifadə imkanları araşdırılmalı, eyni zamanda faydalılığı ölçülməli və tətbiq olunmalıdır.
Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov öz çıxışında Təhsil Nazirliyinə media nümayəndələri üçün təşkil olunan maraqlı və faydalı təlimə görə təşəkkürünü bildirib, sosial medianın imkanlarının əhatəliliyinə diqqət edilməsini nəzərə çatdırıb.
Təlim “Sosial Media Marketinqi nədir?”,”Sosial Media Marketinqi kanalları və onların özəllikləri” və “PR və təhsil sahəsində Sosial Media Marketinqinin rolu” mövzularını əhatə edib. Təlimdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli qeyd edilən mövzulara uyğun təqdimatlarla çıxış edərək sosial media barədə ətraflı məlumatı diqqətə çatdırıblar.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin və digər iştirakçıların sosial media marketinqi, sosial media kanalları və özəllikləri barədə daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV-lə yanaşı, SMM vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.