Mayın 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Böyük İpək Yolu və Türk Dünyası” adlı beynəlxalq elmi konfrans, eyni zamanda təşkilatın təşəbbüsü və dəstəyi ilə ingilis və rus dillərində işıq üzü görmüş “Azərbaycan İpək Yolu üzərində” kitablarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Fondun prezidenti Günay Əfəndiyeva, Böyük İpək Yolunun tədqiqinin Fond üçün vacib önəm daşıdığını qeyd edərək, təşkilat tərəfindən 2017 - ci ildə Azərbaycanda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Türk Dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində", 2019 - cu ildə isə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların, o cümlədən Türk Şurasının, TURKPA-nın, TÜRKSOY-un, UNESCO-nun, İRSİCA-nın rəhbər və nümayəndələrinin, dünyanın müxtəlif ölkələrindən gələn səfirlərin, alimlərin, türkoloqların qatıldığı "Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolu" mövzusunda dəyirmi masanın təşkil edildiyini vurğulayıb.
G.Əfəndiyeva bildirib ki, kitabın nəşri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində“ adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir. O, bu layihənin Fonda üzv və müşahidəçi ölkələrdə də keçirilməsinin planlaşdırıldığını qeyd edərək, türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.
Diqqətə çatdırılıb ki, kitab qədim dövrdən son Orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk akademik nəşrdir. Əsərdə e.ə. II əsrdən XVI yüzilliyədək, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdırılıb. Monoqrafiya çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.
Kitabın hazırlanmasıyla bağlı məlumat verən Günay Əfəndiyeva, Böyük İpək Yoluna həsr olunmuş tədqiqatlarda Azərbaycanın müstəsna rolunun yüksək elmi səviyyədə təqdim olunmasında xidmətlərinə görə layihədə iştirak edən alimlərə öz təşəkkürünü bildirib.
Fondun prezidenti vurğulayıb ki, Böyük İpək Yolunun əsas qovşaqlarından biri də Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarıdır. O, nümunə kimi Cəbrayıl rayonu ərazisində yerləşən, Azərbaycanın məşhur Xudafərin körpülərini göstərib. Günay Əfəndiyeva işğalçılıq siyasəti nəticəsində Böyük İpək Yolunun keçdiyi ərazilərdə min illər boyu mövcud olan bənzərsiz memarlıq abidələrinin, karvansaraların, qədim məscidlərin, mədrəsələrin dağıdıldığını və məhv edildiyini vurğulayıb. Fondun prezidenti, bu gün Azərbaycanın haqlı qələbəsi sayəsində, incəsənət nümunələrinin tezliklə öz görkəmini, yeni simasını bərpa edəcəyinə və bu yolun inkişafa, sülhə, inteqrasiyaya aparan yol olacağına şüphə etmədiyini qeyd edib.
Konfransda çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, İpək Yolu bəşəriyyətin keçdiyi mədəni inkişafı tarix boyu sürətləndirmiş, mədəni mübadilənin genişləndirilməsinə əhəmiyyətli töhfələr verərək katalizatoruna çevrilmişdi: “Tarixən iqtisadiyyatın bu şah damarı ilə hərəkət edənlər Şərqdən Qərbə və Qərbdən Şərqə ticarət malları daşımaqla yanaşı, həm də müxtəlif xalqların, sivilizasiyaların mədəniyyətini də daşımışlar. Qədim İpək yolu ölkəmizin də tarixində zəngin irs qoymuşdu. Bu gün ölkəmizin müxtəlif bölgələrində qorunan qədim şəhər qalıqlarının, karvarsarayların, hamamların, türbələrin və sair kimi abidələrin bir çoxu ölkəmizin mədəni irsi olmaqla yanaşı, həm türk dünyasının, həm də Böyük İpək yolunun ayrılmaz tərkib hissəsidir”.
Tədbirin çox maraqlı bir mövzuya həsr edildiyini bildirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanovun deyib ki, mövzu həm Milli Komissiyamız üçün aktuallıq kəsb edir, həm də regional mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. “Çox sevindirici haldır ki, qədim İpək Yolu üzərində yerləşən şəhərlərimizin tarixi-memarlıq abidələri qorunmaqda və qeyri-maddi mədəni irsimiz yaşadılmaqdadır. Mədəni irs nümunələrimizin UNESCO siyahılarına daxil edilməsində, onların beynəlxalq aləmdə tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var”.
Konfransda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev layihəni yüksək qiymətləndirərək, Böyük İpək Yolunun təmsil etdikləri ölkələrin mədəni, ictimai, iqtisadi həyatına təsirlərindən söz açıblar.
Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev konfransda geniş təqdimatla çıxış edərək, türkdilli dövlətlər arasında münasibətlərin gücləndirilməsində və türkdilli xalqların tarixi, mədəni irsinin, adət-ənənələrinin tanıdılmasında Böyük İpək Yolunun rolundan danışıb və layihənin həyata keçməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib.
Konfransda əməkdaşlıq çərçivəsində Türk Dünyası ilə bağlı tədbirlərin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib, ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Fondun prezidenti tərəfindən “Azərbaycan İpək Yolu üzərində” adlı kitabın hazırlanmasında xidmətlərinə görə azərbaycanlı alimlərə Təşəkkünamələr təqdim olunub və qonaqlarla birgə xatirə şəkili çəkilib.
Qeyd edək ki, kitabın ideya və “Ön söz” müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Monoqrafiyanın hazırlanmasında tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak edib.