Elnurə Abuşova yazır...Azərbaycanda media nümayəndələri bu gün peşə bayramlarını qeyd edir. Media sferasında vəziyyət necədir? Diqqət etsək görərik ki, Azərbaycanda media siyasəti bir çox faktorların təsiri altında formalaşır və bu sahədə müxtəlif problemlər mövcuddur.
Dövlət dəstəyi qeyri-bərabərdir. Məncə problem burdan başlayır.
Ortaya keyfiyyətli iş qoymaq üçün maliyyə və mənbələrə rahat çıxış lazımdır. Jurnalist bütün fikrini yazmağa, yaradıcılığa, araşdırmalara sərf etməlidir ki, dünya media bazarına daxil ola bilsin. Düzdür, dövlət müəyyən media qurumlarına maliyyə dəstəyi göstərir. Bu, daha çox məmurlara yaxın olan və onların maraqlarını dəstəkləyən media orqanlarına şamil olunur.
Müstəqil media qurumları çox vaxt diskriminasiyaya məruz qalır. Bu, jurnalistlərin tədbirlərə dəvət almaması, maliyyə dəstəyi almaması, pul müsabiqələrindən kənarda qalması, hətta qurumlar tərəfindən saymazcasına sorğularına cavab verilməməsində özünü göstərir.
Yuxarıda da qeyd etdim, ortaya iş qoymaq üçün maliyyə lazım. Müstəqil media maliyyə dəstəyi tapmaqda çətinlik çəkir. Reklam gəlirləri məhduddur və xarici maliyyə dəstəyi həbsə səbəb olur.
Azərbaycanda media fəaliyyətini tənzimləyən qanunvericilik aktları mövcuddur. Lakin bu qanunlar bəzən jurnalistlərin azad fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə olunur.
Təəssüf ki, jurnalistlərin hüquqlarının qorunması və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı problemlər var. Beynəlxalq təşkilatlar tez-tez Azərbaycanda mətbuat azadlığının pozulması hallarını qeyd edirlər.
Azərbaycanda media siyasətinin inkişafı və medianın müstəqilliyinin təmin edilməsi üçün ciddi islahatlara ehtiyac var. Bu, cəmiyyətin obyektiv və düzgün məlumat əldə etməsi üçün vacibdir.
Bir az da özüm kimi diqqətdən kənar saxlanan media nümayəndələrindən yazmaq istəyirəm. Bizlər çox vaxt cəmiyyətin mühüm hadisələrinə işıq tutan, lakin dövlət qurumları tərəfindən yetərincə tanınmayan jurnalistlərik.
Kənardan da aydın görünür ki, mediani iki cəbhəyə bölüblər. Birini hər cür imtiyazla təmin edirlər, digərlərinə nəinki dəstək, tədbirlərə belə çağırmağa xəsislik edir, sorğularını cavabsız qoyurlar.
Belə ikili yanaşma, informasiya mübadiləsində balansın pozulmasına və cəmiyyətin obyektiv məlumat əldə etmə imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Ənənəvi mediada məhdudiyyətlər olduğu üçün jurnalistlər və müstəqil media qurumları sosial media və bloglar vasitəsilə məlumat yayımlayırlar. Facebook, Twitter, YouTube və Instagram kimi platformalar alternativ informasiya mənbələrinə çevrilib.
Müstəqil jurnalistlər və media qurumları onlayn xəbər saytları açaraq orada azad şəkildə məlumat paylaşmağa çalışırlar. Bu saytlar bəzən xaricdən maliyyə dəstəyi alır və ya könüllülər tərəfindən idarə olunur.
Müstəqil jurnalistlər və media qurumları insan haqları və mətbuat azadlığı ilə bağlı beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edirlər. Bu təşkilatlar Azərbaycandakı vəziyyəti diqqətdə saxlayır və beynəlxalq ictimaiyyəti məlumatlandırırlar. Beynəlxalq təşkilatlar jurnalistlər üçün treninqlər və təlimlər təşkil edir. Bu, onların peşəkarlığını artırmaq və təzyiqlərlə necə mübarizə aparmaq yollarını öyrətmək məqsədi daşısa da, gedişata baxanda aydın görmək olur ki, təlim, dəstək adı altında öz maraqlarını diqtə etməyə çalışırlar. Demək, bu da çıxış yolu deyil. Dövlət özü Media Reyestrindən keçmiş media subyektlərinə ayrı-seçkilik qoymadan sahib çıxmalıdır. Medianın bütün imtiyazları 5-6 nəfər və onlrın kurasiyasında olanların inhisarından çıxmalıdır.
Jurnalistlər və media qurumları hüquqi yardım üçün vəkillərlə əməkdaşlıq edir. Onlar məhkəmələrdə öz hüquqlarını müdafiə etmək üçün hüquqşünasların dəstəyinə ehtiyac duyurlar.
Media nümayəndələri arasında həmrəylik aşağı səviyyədədir. 5 manat qarşılığında asanlıqla nəinki həmkarlarını tənqid, təhqir etməkdən belə çəkinmirlər.
Müstəqil media qurumları və jurnalistlər müxtəlif qrant və fondlardan maliyyə dəstəyi almağa çalışırlar. Bu, onların fəaliyyətini davam etdirməsi üçün vacibdir.
Problemi qabartmaq üçün bəzi jurnalistlər vətəndaş jurnalistlərdən və anonim mənbələrdən istifadə edərək həssas məlumatları yaymağa çalışırlar.
Siyahını uzada bilərəm. Müasir oxucuda uzun yazı oxumaq səbri yoxdur.
Bir sözlə, medianın müstəqilliyini və cəmiyyətin obyektiv məlumat əldə etmə imkanlarını artırmaq üçün dəstək və islahatlara ehtiyac var.