Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 sentyabr 2024-cü il tarixində “Ana dilimizin saflığı” adlı layihəmizə həsr olunmuş tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə ilk öncə Azərbaycan xalqının qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin təqdim etdiyi layihə çərçivəsində keçirilən görüşdə mədəniyyət işçiləri və söz adamları iştirak etdilər. Çıxışlarda ulu öndər Heydər Əliyevin ana dilimizə tükənməz sevgisindən bəhs edildi, ədəbiyyatçılar dilimizə gətirdiyi yeniliklərdən danışdılar. Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, əsrlər boyu bizi xalq və millət kimi qoruyub saxlayan bizim ana dilimizdir. Zəngin tarixi və milli varlığımızın rəmzi olan Azərbaycan dili şərəfli inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz edib. Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin edildiyi vaxtdan ana dilimiz – Azərbaycan dili öz mühafizəçisini tapmışdır. Məhz ulu öndər dilimizi – Azərbaycan dilini dövlət siyasətinə çevirmişdir. Xalqımızın ümummilli liderinin dil siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə və keçmişimizə daim böyük həssaslıqla yanaşır. Ana dilinin qorunması hər birimizin müqəddəs borcudur.
“Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı qeyd etdi ki, layihəmiz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. Layihə çərçivəsində Şamaxı şəhərində ana dilimizin saflığına dair maarifləndirici görüş təşkil olundu. Cəvahir Qaraqızı tədbir haqqında iştirakçılara məlumat verdi və Azərbaycanda ədəbiyyatımızın və mədəniyyətimizin yüksək səviyyədə inkişafından danışdı. Layihənin həyata keçməsi nəticəsində ana dilimiz və onun saflığının qorunması haqqında məlumatlar verildi. Ana dilinə diqqətin daha da artırılmasına dair məruzə olundu. Tədbirdə Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi Mirzəyeva Nuranə mövzu ilə bağlı geniş çıxış etdilər.
İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Məmmədli Ayturan "Ana dili" şeirini səsləndirdi. Layihə rəhbəri Cəvahir Qaraqızı Xəlil Rza Ulutürkün “Mənim dilim” və özünün “Ana dilim” şeirlərini söylədi. Tədbir boyu Eyvaz Eminalıyev, Mirzəyeva Nuranə və Məmmədli Ayturan “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı tərəfindən “Diplom”la təltif olundular. Cəvahir Qaraqızı “Əsrin Öndəri” antologiyasını Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kitabxanasına hədiyyə etdi.
Sonda Cəvahir Qaraqızı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubovaya, baş məsləhətçi Pərvin Ərəstunqızına, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru dosent Tünzalə Yusifovaya və tədbirdə əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.