28 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin tərəfindən “Ana dilimizin saflığı” adlı layihə çərçivəsində Siyəzən rayonunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə mədəniyyət işçiləri, söz adamları və ictimaiyyət nümayəndələri iştirak etdi. Çıxışlarda ulu öndər Heydər Əliyevin ana dilimizə olan sevgisi vurğulandı və şair, yazıçıların dilimizə gətirdiyi yeniliklər müzakirə olundu.
"Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olduğunu vurğuladı. Cəvahir Qaraqızı tədbir iştirakçılarını salamladı, layihənin məqsədi haqqında məlumat verdi.
İcra Hakimiyyətinin məsul işçisi Günel xanım tədbirin əhəmiyyətini qeyd edərək çıxış etdi və Məhsəti Şairlər Məclisinə uğurlar dilədi. AYB-nin Siyəzən bölmə rəhbəri, əməkdar müəllim və şair Nəcməddin Mürvətov ana dilimizin saflığının qorunmasının əhəmiyyətindən danışdı və özünün ana dili haqqında yazdığı şeri səsləndirdi. Onun çıxışı alqışlarla qarşılandı.
Cəvahir Qaraqızı da "Ana dilim", "Ana" və Yunis Əmrədən parçalar səsləndirərək tədbirə rəng qatdı. Şairlər Aybəniz Əliyar, İsmayıl Sədanlı və Çingiz Əliyev maraqlı çıxışlar etdilər. İsmayıl Sədanlı öz kitabını "Məhsəti" Şairlər Məclisinə hədiyyə etdi. Təcrübəli jurnalist Reyhan xanım da ana dili haqqında maraqlı faktlardan və Ulu Öndər Heydər Əliyev ilə Mirzə İbrahimovdan sitatlardan bəhs etdi. Reyhan xanım Məhsəti ŞM tərəfindən fəxri diplomla mükafatlandırıldı.
Körpə balalar Səma və Cahan bacıları da ana dili haqqında şerlər səsləndirdilər. Tədbir boyu Cəvahir Qaraqızı Məhsəti Gəncəvinin rübailərini oxudu. Şair Nailə İsbatova da ana dili haqqında şeir söylədi və eyni zamanda şəhid ailələrinə və ehtiyacı olan ailələrə yardımları ilə tanındığını qeyd etdi. Nailə xanım fəxri diplomla təltif olundu.
Həkim-şair Firdovsi ana dilimizin zənginliyindən danışdı və öz yazdığı şeri səsləndirdi. Tünzalə müəllimə və Sürəyyə Məcidova da ana dilimizin saflığından bəhs etdilər. Zeynəb İsmayılova isə atasının yazdığı şeri söylədi. Gənc müğənni Mirhidayət Kazımov sözləri Nəcməddin Mürvətova aid olan "Siyəzən" mahnısını ifa etdi.
"Məhsəti" Şairlər Məclisinin sədri Cəvahir Qaraqızı "Əsrin Öndəri", "Aprel Döyüşləri" və "Turana doğru" kitablarını Siyəzən Mərkəzi Kitabxanasına hədiyyə etdi. Kitabxananın əməkdaşı Sənubər xanım ona təşəkkürünü bildirdi.
Tədbirin sonunda İcra Hakimiyyətinin məsul işçisi Günel xanım, Mirheydər Kazımov, Gənclər Evinin direktoru Nərmin xanım və şair Çingiz Əliyev "Heydər Zirvəsi" diplomu ilə təltif olundular.
Sonda Cəvahir Qaraqızı tədbirin təşkilinə dəstək verən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova, Gənclər Evinin direktoru Nərmin xanıma və tədbirdə əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.