Nazim Eynallı
19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol istismar MMC-nin rəisiUlu Öndər Heydər Əliyev müasir Azərbaycan tarixində həm Sovet dövründə, həm də müstəqillik illərində misilsiz xidmətlər göstərmiş böyük dövlət xadimi, müdrik siyasətçi və xalqın rifahını hər zaman ön planda saxlayan milli lider olmuşdur. Onun həyatı və fəaliyyəti tariximizin ən əlamətdar və parlaq səhifələrindən biridir.
Heydər Əliyevin Sovet dövründəki fəaliyyəti ölkəmizin sosial-iqtisadi, elmi və mədəni həyatında mühüm dəyişikliklərlə yadda qalmışdır. Onun rəhbərliyi ilə respublikanın hərtərəfli inkişafı təmin edilmiş, Azərbaycanın SSRİ daxilində nüfuzu və rolu əhəmiyyətli dərəcədə artmışdır. Dahi Liderin rəhbərliyi ilə 1969-1982-ci illərdə Azərbaycanda 250-dən çox yeni sənaye müəssisəsi istifadəyə verilmişdir. Ulu Öndər ölkəmizin zəngin neft və qaz ehtiyatlarından daha səmərəli istifadə edilməsinə nail olmuş, Bakı neft sənayesi SSRİ-nin əsas strateji sahələrindən birinə çevrilmişdir.
Heydər Əliyev azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu universitetlərində təhsil almasına şərait yaratmışdır. Hər il minlərlə tələbə mühəndislik, tibb, hüquq, incəsənət və digər sahələrdə təhsil almaq üçün xaricə göndərilmişdir. Ulu Öndər milli kadrlara xüsusi önəm verərək dövlət idarəetmə sistemində, sənayedə və elmdə onların iştirakını artırmışdır. Bu, Azərbaycanın müstəqillik dövrü üçün də mühüm əsas olmuşdur.
Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan iqtisadiyyat, mədəniyyət və digər sahələrdə SSRİ-nin digər respublikalarına nümunə göstərilmişdir. Onun uzaqgörən idarəetmə siyasəti nəticəsində Azərbaycan ittifaq respublikaları arasında inkişaf göstəricilərinə görə öncül yerlərdən birini tutmuşdur. Bu dövrdə əldə olunan nailiyyətlər müstəqil Azərbaycan dövlətinin formalaşmasında əsaslı rol oynamışdır.
Heydər Əliyevin müstəqillik illərindəki fəaliyyəti Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, sosial-iqtisadi sabitliyin bərpası və beynəlxalq nüfuzunun artmasına xidmət etmişdir. Dahi Lider ölkənin ağır siyasi, iqtisadi və sosial böhran dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq müasir Azərbaycanın qurulmasında həlledici rol oynadı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə anarxiya və xaosa son qoyuldu. Onun qətiyyətli addımları sayəsində Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı.
Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət ayıraraq Azərbaycanın müdafiə qabiliyyətini artırdı. Milli Ordunun yenidən təşkil edilməsi, peşəkar kadrların hazırlanması və hərbi texnikanın modernləşdirilməsi həyata keçirildi. 1994-cü ildə Heydər Əliyevin diplomatik səyləri nəticəsində Ermənistanla atəşkəs müqaviləsi imzalandı. Bu, Azərbaycanın hərbi gücünü və mövqelərini bərpa etməsi üçün vaxt qazandırdı. Heydər Əliyev Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdi.
20 sentyabr 1994-cü il tarixində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinə xarici investisiyaların cəlb olunması və ölkə iqtisadiyyatının inkişafında dönüş nöqtəsi oldu. Bu müqavilə ilə Azərbaycan dünya enerji bazarında mühüm yer tutmağa başladı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihələri Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artırdı.
Dahi şəxsiyyət balanslaşdırılmış xarici siyasət həyata keçirərək həm Qərb, həm də qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirdi. Azərbaycanın müstəqilliyi beynəlxalq miqyasda tanındı və dövlətimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumlarda öz mövqeyini möhkəmləndirdi. Dünyada yaşayan azərbaycanlıların birliyini gücləndirmək və Azərbaycan həqiqətlərini təbliğ etmək üçün məqsədyönlü addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciəti cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi və xalqın gələcəyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi. Heydər Əliyev müstəqil Azərbaycanın qurulması və sabitliyin təmin olunmasında əsaslı islahatlar həyata keçirdiyini, xalqın rifahının artırılması naminə mühüm layihələr başlatdığını vurğulayaraq bu prosesin davam etdirilməsi üçün cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bildirdi.
Ulu Öndərin müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görülən işlər Azərbaycanın keçmişdən bu günədək olan inkişafında ardıcıllıq və strateji yanaşmanın təmin edildiyini göstərir. Heydər Əliyevin irəli sürdüyü dövlət quruculuğu prinsipləri, enerji strategiyası, xarici siyasət kursu və milli dəyərlərin qorunması ideyaları cənab İlham Əliyevin fəaliyyətində daha da təkmilləşdirilərək yeni mərhələyə çatdırıldı.
2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə yanaşı, Prezident İlham Əliyevin həmin kursu uğurla davam etdirməsi həlledici rol oynamışdır. 2023-cü ildə bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın dövlət suverenliyi təmin edilmişdir. Bu əməliyyatlar, ölkənin suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi məqsədilə həyata keçirilmiş və nəticədə Azərbaycanın hüquqi və beynəlxalq mövqeyi gücləndirilmişdir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramını uğurla həyata keçirir. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparılır, infrastruktur qurulur və sakinlərin öz yurdlarına qayıdışı təmin edilir. Bununla da, cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin milli birlik, sabitlik və davamlı inkişaf prinsiplərini uğurla gerçəkləşdirərək, azad edilmiş torpaqlarda həm iqtisadi, həm də sosial baxımdan yeni bir həyatın qurulması istiqamətində mühüm addımlar atır, bu ərazilərin gələcəkdə ölkənin inkişafına xidmət edəcək dayanıqlı bir infrastruktura çevrilməsi üçün təməl yaradılır.
Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki xidmətləri xalqımızın yaddaşında daim yaşamaqda və gələcək nəsillər üçün ilham mənbəyi olmaqda davam edir.