ASCO-da 2 Fevral – Gənclər Günü ilə əlaqədar teatr və kino aktyoru Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ASCO-nun sifarişi ilə çəkilmiş, Xalq artisti Fəxrəddin Manafovun Azərbaycanın ilk diplomlu dənizçisi Hacı Vahabın obrazını canlandırdığı “Üç əsrə şahid” bədii-sənədli filminə baxıblar.
Daha sonra qonaq ASCO gəncləri ilə səmimi söhbət edərək, onlara səhnə fəaliyyəti, yaratdığı obrazlardan danışıb, gəncləri öz peşələrini sevməyə və qarşılarına çıxacaq maneələrə baxmayaraq, məqsədlərinə doğru əzmlə irəliləməyə çağırıb.
Xalq artisti tariximizdən, ailə bağlarından bəhs edərək, gənc dənizçiləri öz milli mənsubiyyətinə hər zaman sadiq, vətənpərvər vətəndaşlar kimi görmək arzusunu dilə gətirib.
Görüşün davamında Fəxrəddin Manafov həm auditoriyanın, həm video formatda dənizçilərin gəmidən göndərdiyi, həm də "Instagram" üzərindən canlı yayım vasitəsilə izləyicilərin ünvanladığı sualları cavablandırıb. Gənclər bu görüşün onlara həm peşəkar, həm də şəxsi inkişaflarında böyük fayda verəcəyinə inandıqlarını bildirib və Xalq artistinə minnətdarlıqlarını ifadə ediblər.
Qonaq öz növbəsində belə bir görüşün təşkilinə görə ASCO rəhbərliyinə təşəkkür edib, Cənubi Qafqazın fəaliyyətdə olan ən qədim şirkətinin gənc əməkdaşları ilə ünsiyyətddən məmnun olduğunu bildirib və tədbirin bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda ASCO adından Fəxrəddin Manafova müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədov olan fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılmış heykəltəraşlıq kompozisiyasının miniatur modeli hədiyyə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.