AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gültəkin Qafarova-Əsgərzadə-65

  • + A
  • - A
  • Bu gün, 15:57

    Gültəkin Qafarova-Əsgərzadə-65

    "Ümid bacısı"nın cənnətdəki 65 illiyi...

    Həyatda elə insanlar yaşayır ki, ömürlərinin uzunluğu ilə deyil, ürəklərinin böyüklüyü ilə yadda qalırlar. Onlar səssiz yaşayır, səs-küysüz xeyirxahlıq edirlər, qarşılıq gözləmədən insanlara əl tuturlar. Dünyadan köçəndən sonra isə onların yoxluğu daha dərindən hiss olunur. Çünki belə insanlar əslində bir ailənin yox, bütöv bir cəmiyyətin dayağı olurlar.
    Belə insanlardan biri də Gültəkin Qafarova-Əsgərzadə Ələsgər qızı idi...
    15 avqust 1961-ci ildə Bakıda dünyaya göz açan Gültəkin xanımın bu il cənnətdəki 65-ci doğum günüdür. O, həyatdan vaxtsız köçsə də, ömrünün hər günü mərhəmətə, insan sevgisinə və xeyirxahlığa həsr olundu. Elə buna görə də onu tanıyanlar bu gün də böyük ehtiramla xatırlayırlar.
    O, uzun illər Azərbaycan Qızıl Aypara Cəmiyyətində şəfqət bacısı kimi çalışdı. Minlərlə imkansız, tənha, xəstə və kimsəsiz insanın qapısını döydü. Onların yarasını sarıdı, dərdinə şərik oldu, ümidini itirənlərə yaşamaq həvəsi verdi. Kimi üçün dərman oldu, kimi üçün təsəlli, kimi üçün isə doğma övlad qədər yaxın bir insan...
    Elə buna görə də zavallı insanların dilində onun adı başqa cür səslənirdi – "Ümid bacısı..."
    Bu ad hər bir rəsmi mükafatdan qiymətli idi. Çünki onu xalq vermişdi. İnsanların duaları ilə qazanılmış ad idi bu...
    Gültəkin xanımın fəaliyyəti dövlət və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdi. O, Azərbaycan Qızıl Aypara Cəmiyyətində uzunmüddətli səmərəli fəaliyyətinə, tibbi-sosial xidmətlərin təşkilinə, səhiyyə maarifinin inkişafına, qan donorluğunun təbliğinə və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ideyalarının yayılmasına verdiyi töhfələrə görə çoxsaylı Fəxri fərmanlar, təşəkkürnamələr və təltiflərlə mükafatlandırılmışdı.
    Onun xidmətlərinin ən yüksək qiyməti isə 12 may 2009-cu ildə verildi. Həmin gün Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin "Florens Naytingeyl" medalının 42-ci təltifetmə mərasimində Gültəkin Qafarova-Əsgərzadə ölümündən sonra bu ali beynəlxalq mükafata layiq görüldü. Bu medal yalnız peşəsini vicdanla deyil, ürəyi ilə yaşayan tibb işçilərinə təqdim olunur. Gültəkin xanım da məhz belə insanların sırasında idi.
    Lakin onun böyüklüyü yalnız iş fəaliyyəti ilə ölçülmürdü.
    O, əvvəlcə gözəl övlad, sonra qayğıkeş bacı, mehriban bibi idi.
    Ailədə özündən kiçik qardaşlarının qayğısını çəkər, ata-anasını başı üzərində əziz tutardı. Xüsusilə anasına olan sevgisi dillərdə idi. Anası xəstə olanda gecələr onunla eyni yataqda yatırdı. Bunun səbəbini isə sadə, amma sonsuz məhəbbətlə izah edirdi:
    "Birdən məni yuxu aparar, anamın istiliyini, soyuqluğunu hiss etmərəm... Qoy yanında yatım ki, nə istəsə, dərhal oyanım..."
    Bu, sadəcə bir övladın qayğısı deyildi. Bu, ana məhəbbətinin övlad ürəyindəki ən saf təcəssümü idi.
    Qardaşı qızı Azadənin xatirələri isə Gültəkin xanımın başqa bir gözəl cizgisini üzə çıxarır:
    "Bibim çox mehriban idi. Ürəyi o qədər yumşaq idi ki, heç kimin xətrinə dəyməzdi. Biz balaca olanda anam bizə dondurma yeməyə icazə vermirdi. Ağlayanda Gültəkin bibim bizi gizlincə aparıb dondurma alırdı. Bizim sevincimiz onun üçün dünyanın ən böyük xoşbəxtliyi idi..."
    Bu kiçik xatirə əslində böyük bir insanın portretidir.
    O, yalnız uşaqları sevindirmirdi. Böyüklərin də əlindən tuturdu. Kiminsə pula ehtiyacı olanda imkan daxilində kömək edər, verdiyini geri istəməzdi. Bilirdi ki, ehtiyac içində olan insanın borcunu xatırlatmaq onun yarasını təzələməkdir.
    Bəlkə də buna görə Allah onun qəlbini bu qədər mərhəmətli yaratmışdı.
    Gültəkin xanım ailə qurmadı. Öz övladı olmadı. Amma yüzlərlə insan onu doğması bildi. O, övlad sevgisini başqalarının balalarına, ana qayğısını xəstələrə, bacı məhəbbətini kimsəsizlərə bəxş etdi.
    Anası dünyasını dəyişəndən sonra ailənin bütün yükü onun çiyinlərinə düşdü. Heç vaxt gileylənmədi. Həmişə dayaq oldu. Hamıya arxa durdu.
    Lakin atası Ələsgər kişinin vəfatı onun həyatında silinməz iz buraxdı. Elə bil dünyasının işığı söndü. Bu ağır itkidən sonra amansız xərçəng xəstəliyinə tutuldu.
    Beş il...
    Tam beş il ölümlə həyat arasında mübarizə apardı.
    Amma xəstəlik onun bədənini zəiflədə bilsə də, mərhəmətli ruhunu məğlub edə bilmədi.
    Nəhayət, tale öz hökmünü verdi...
    Ömrü yarımçıq qaldı.
    Amma son vəsiyyəti də həyatının özü kimi kövrək idi.
    O, anasının qoynunda uyumaq istəyirdi...
    Sağlığında gecələr anasının sinəsinə sığınıb onun nəfəsini dinləyən Gültəkin xanım ölümündən sonra da anasının qucağından ayrılmaq istəmədi. Elə vəsiyyətinə uyğun olaraq anasının məzarında, onun yanında dəfn olundu.
    Bu səhnəni düşünəndə insanın ürəyi sızlayır.
    Bəzən sözlər aciz qalır...
    Çünki bəzi talelər yazılmır, yaşanır...
    Onun nəvələri olmadı.
    Övladları olmadı.
    Amma saysız-hesabsız duaları oldu.
    Şəfa verdiyi insanlar...
    Əl tutduğu ailələr...
    Göz yaşını sildiyi qocalar...
    Sevindirdiyi uşaqlar...
    Hamısı onun ömrünün davamına çevrildi.
    İnsan dünyadan var-dövləti ilə getmir.
    Arxasınca danışılan xoş sözlərlə, edilən dualarla yaşayır.
    Gültəkin xanım da məhz belə insanlardan idi.
    Bu gün onun haqqında yazılan hər sətir, deyilən hər xoş söz, oxunan hər dua göstərir ki, xeyirxahlıq heç vaxt ölmür.
    Əksinə, illər keçdikcə daha da ucalır.
    Bəlkə də gənc nəslə buraxıla biləcək ən qiymətli miras elə budur: insan olmaq, mərhəmətli olmaq, qarşılıq gözləmədən yaxşılıq etmək.
    Çünki həyatın ən böyük mükafatı medallar deyil.
    Ən böyük mükafat insanların qəlbində əbədi yaşamaqdır.
    Gültəkin Qafarova-Əsgərzadə bunu bacardı.
    Ruhu şad, məkanı cənnət olsun.
    Onun ömrü mərhəmətin, şəfqətin və insanlığın unudulmaz salnaməsi kimi həmişə yaşayacaq.
    Şəmsiyyə Kərimova,
    Əməkdar jurnalist


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR