Azərbaycanın II Qarabağ müharibəsindən öncəki və sonrakı 5 ilinin müqayisəli təhlili aparılmalıdır.
Müharibədən öncəki və sonrakı strateji problemlər dəqiq diaqnoz edilməli, növbəti 5 il üçün "mövcud problemlər, hədəflər və bu hədəflərin yaradacağı risklər qovluğu" hazırlanmalıdır. 2023-2025-ci illərin Azərbaycan üçün gərgin illər olacağını qeyd etmişdik. 2025-ci ilə isə yeni daxil olmuşuq. Dünya yenidən dizayn edilir və bu amil əksər ölkələrlə bərabər Azərbaycan üçün də risklər yaradır. Buna görə də daha ağıllı layihələr icra etməli, daha ağıllı insanlar vitrinə daşınmalıdır.
Müharibədən öncəki 5 il ərzində mövcud olan əsas strateji problemlərin bir neçəsi:
- Qarabağ münaqişəsi (bu problem həll edilib)
- Xəzərin statusu (SSRİ dağılana qədər Xəzər dənizi İran və SSRİ arasında bölüşdürülmüşdü. 2018-ci ilin avqust ayında 5 Xəzəryanı dövlətlər razılığa gələrək Konvensiya imzaladı)
- Narkomaniya və narkotik maddələrin dövriyyəsi (II Qarabağ müharibəsinə qədər bu istiqamətdə daha çox kosmetik addımlar atılsa da, müharibədən dərhal sonra narkotik maddələrə qarşı mübarizə tədbirləri dövlət siyasətinin əsas parçalarından birinə çevrildi (2021-2023) və ciddi işlər həyata keçirildi. Müstəqil Azərbaycan tarixində ilk dəfə idi ki, bu problemlə mübarizəyə dövlət-cəmiyyət-ideoloji təbəqə kompleks şəkildə səfərbər olunmuşdu. Təəssüf ki, hazırda dövlət-vətəndaş səfərbərliyində azalma müşahidə edilir.
- Urbanizasiya (sanki Azərbaycan yalnız Bakıdan ibarətdir, bütün kəndlər paytaxta axın edib, kəndlərdə təsərrüfatın olmaması, bütün istehsal müəssisələrinin, sənayenin əsasən şəhərdə cəmləşməsi normal şəhərləşmə prosesini - urbanizasiyanı strateji problemə çevirib). Bəs, indi - növbəti mərhələdə “rurbanizasiya” prosesinə, yəni bu dəfə şəhər həyatının kəndlərə yayılmasını, müəssisələri, sənayenin daha çox regionlarda fəaliyyətini təmin edə bilərikmi?!
- Oturuşmuş problemlərin əsas ideoloji müəllifləri olan köhnə, klassik siyasi komanda yola salınıb (2019-cu il) - Bəs, yeni komanda üzvlərinin addımları, tam mübaliğəsiz şəkildə demək lazmdır, ölkənin ərazi suverenliyini tam şəkildə bərpa edən, regional və qlobal miqyasda real gücə sahib olan və ölkə müstəqilliyinin əsas qarantına çevrilən Dövlət başçısının - İlham Əliyevin praqmatik, monolit addımlarına adekvatdırmı? Bu gün Dövlət başçısının siyasətinə adekvat işləyən məmurlar var, eyni zamanda bu siyasətin fərqinə varmadan köhnə komanda üzvlərindən də artıq şəkildə yarıtmazlıq nümayiş etdirən məmurlar az deyil.
Növbəti 5 ilin əsas strateji hədəfləri sırasında yer almalı olan Qarabağa qayıdış konsepsiyası təkcə infrastruktur, bərpa prosesi üzərində həyata keçirilməməlidir. Qarabağa qayıdış həm də ideoloji-tarixi və təhlükəsizlik məsələsidir. Qarabağa qayıdış prosesi elə aparılmalıdır ki, ermənilərin yüz il sonra da həmin ərazilərə iddialarını ən azı region müstəvisində bloklaya bilsin. Orada möhkəm genefondun yaradılması, təkcə qarabağlıların deyil, müxtəlif regionlarda yaşayan, daha çox gənclərin cəlb edilməsi və yüksək, perspektivli gələcəyin təmin olunması əsas şərtdir.
Növbəti 5 il ərzində Bakının siyasi, iqtisadi və sosial statusu digər şəhərlərlə bölüşdürülməlidir.
Əsas sual budur, növbəti 5 il üçün əsas strateji hədəflər və bu hədəflərin yaradacağı risklər nə ola bilər?
Müəllif: Samir Feyruzov