İlham Məmmədov
Milli Məclisin deputatı Tarix adətən qəhrəmanlarla xatırlanır. Lakin hər bir dövrün qəhrəmanları yalnız səngərlərdə deyil, söz meydanlarında da yaranır. Mixail Qusman – bu qəhrəmanlardan biridir. Onun qələmi güllədən iti, onun səsi isə diplomatik not qədər ölçülüdür. O, informasiyanı silaha yox, sülhə çevirən bir şəxsiyyət kimi yadda qalıb.
Mixail Qusman Rusiya Federasiyasının ən mühüm informasiya orqanlarından biri olan TASS agentliyində ilk dəfə 1970-ci illərdə çalışmış, sonradan bu agentliyin rəhbərliyində aparıcı simaya çevrilmişdir. Onun rəhbərliyi dövründə TASS yalnız informasiya deyil, həm də mədəniyyət körpüsü kimi fəaliyyət göstərmişdir.
Xüsusilə vurğulamaq istərdim ki, Mixail Qusman təkcə Rusiya cəmiyyətinə yox, Azərbaycan xalqına da böyük hörmət və ehtiramla yanaşmışdır. O, Azərbaycanın müstəqillikdən sonrakı informasiya siyasətini, beynəlxalq platformalarda öz haqq işini tanıtmaq cəhdlərini obyektivliklə əks etdirmişdir. Onun 2000-ci illərdə Prezident İlham Əliyevlə bir neçə dəfə apardığı dərin, etik və intellektual müsahibələr Azərbaycan-Rusiya münasibətlərinin intelektual yaddaşında qalacaq sənədlərdir.
O, "Formula vlasti" (Hakimiyyət formulu) proqramı vasitəsilə sadəcə müsahibələr yox, dövlətlərarası münasibətlərin informasiya tənzimçiliyini yaratmışdır. Hər müsahibəsində suallar kəskin deyildi, amma mahiyyətli idi. Qarşısındakı şəxsə hörmət etməklə, jurnalistikanın peşə etikası çərçivəsində həqiqətə işıq salmaq onun əsas prinsipi olmuşdur.
Mixail Qusmanın fəaliyyəti sübut edir ki, əsl jurnalist milliyyətinə yox, peşəsinə sadiq olmalıdır. O, heç vaxt Azərbaycan xalqına qarşı yönəlmiş ritorikaya yol verməmiş, əksinə, həm Azərbaycan diasporasına, həm də ölkəmizin haqlı mövqeyinə informasiya meydanında yer açmışdır.
Onun atası – Böyük Vətən Müharibəsinin iştirakçısı və sovet dövrünün ziyalısı olmuş, qardaşı – Yuliy Qusman isə rus və dünya kinosunda iz qoymuş rejissor kimi humanist sənətin daşıyıcısı olmuşdur. Bu ailə mədəniyyətin, ağılın və ləyaqətin simvoludur.
Mixail Qusmanın işdən azad olunması peşəkarlıq deyil, siyasi sifarişin kölgəsində görünən mənəvi boşluğun nəticəsidir. Bu, yalnız bir şəxsin deyil, bir dövrün və bir peşə əxlaqının zədələnməsidir.
Mən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Məmmədov olaraq, Mixail Qusmana və onun ailəsinə dərin hörmətimi ifadə edir, onun gördüyü işləri tarix qarşısında yüksək qiymətləndirirəm. Çünki söz adamına edilən ədalətsizlik susqunluqla qarşılanarsa, gələcək nəsillər öz həqiqətlərini harada və kimdən öyrənəcək?
Qusmanların ailəsi bizim ortaq mədəni mirasımızdır. Onlara qarşı laqeydlik, insanlığa qarşı laqeydlikdir.