Ata övladının ölümündə dolayı iştirak edib – Psixoloq
Bakı, 23 oktyabr — Azadmedia.az
Ata övladının ölümündə dolayı iştirak edib – Psixoloq Fərqanə Mehmanqızı faciənin psixoloji izlərini açıqladı..
Fərqanə Mehmanqızı: “Posttravmatik stress ailənin bütün funksiyasını dağıda bilər”
Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs baş verib. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq “BMW” markalı avtomobilə əyləşib. Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gələrək hasara çırpılıb. Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 7 yaşlı uşağın valideyn qucağında olarkən həyatını itirməsi, yol təhlükəsizliyi və valideyn məsuliyyəti mövzularını yenidən gündəmə gətirib. Hadisənin detalları göstərir ki, hətta qısa anlıq diqqətsizlik və ya təhlükəsizlik qaydalarına əməl etməmək ölümcül nəticələrə səbəb ola bilər. Bu faciə valideynlər və sürücülər üçün ciddi xəbərdarlıq olmaqla, yol-nəqliyyat təhlükəsizliyinin zəruriliyini vurğulayır.
Psixoloq Fərqanə Mehmanqızı da “Sherg.az”a açıqlamasında hadisənin olduqca faciəvi olduğunu bildirib. Onun sözlərinə görə, həm ailə, həm də cəmiyyət üçün dərin psixoloji izlər buraxa bilər:
“Bu hadisə olduqca faciəvidir və həm ailə, həm də cəmiyyət üçün dərin psixoloji izlər buraxa bilər. Hadisə nəticəsində uşaq itkisi və valideynin fiziki və emosional travması kompleks travmatik təcrübə yaradır. Ata övladının ölümündə dolayı iştirak etdiyi üçün güclü günahkarlıq hissi, özünə qarşı aqressiya və posttravmatik stress pozuntusu (PTSP) yaşaya bilər. Bu cür travmalar təkcə an və ya atanın psixikasını deyil, həm də ailənin ümumi funksionallığını ciddi şəkildə təsir edə bilər”.
Psixoloqun fikrincə, hadisə uşaq təhlükəsizliyi qaydalarının nə qədər vacib olduğunu bir daha xatırladır. Avtomobildə uşaqla səyahət edərkən uşaq oturacağı, təhlükəsizlik kəməri və uşağın ön oturacaqdan uzaq olması kimi qaydalara ciddi əməl etmək həyati əhəmiyyət daşıyır:
“Bu, yalnız uşağın fiziki təhlükəsizliyini təmin etmir, həm də valideynlərin təhlükə qarşısında daha hazırlıqlı olmasını təmin edir. Belə hadisələrdən sonra valideynlər çox vaxt cəmiyyət tərəfindən günahlandırılır, bu isə onların psixoloji sağalmasına mane olur. Valideynlərin qınanmadan dinlənilməsi, empatiya və dəstək göstərilməsi onların yenidən həyatda tutunmasına, emosional stabilliyin bərpasına yardımçı olur. Sosial təzyiqin azaldılması, valideynin psixoloji yükünün yüngülləşdirilməsi baxımından vacibdir.Hadisənin təsiri ilə üzləşən valideynlər və yaxın ailə üzvləri mütləq peşəkar psixoloji yardım almalıdır. Psixoloq və ya psixiatrın dəstəyi travmanın işlənməsinə, günahkarlıq hissinin azaldılmasına və ailənin normal həyat fəaliyyətinə qayıtmasına imkan yaradır”.