Azərbaycan dövləti informasiya və media sektorunun inkişafına davamlı dəstəyini bir daha nümayiş etdirib. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində media subyektləri üçün nəzərdə tutulan vergi güzəştlərinin müddətinin daha 3 il uzadılması təklif olunub.
Qeyd edək ki, media qurumları üçün 3 illik vergi güzəşti 2023-cü ildə qüvvəyə minmiş və 2026-cı il yanvarın 1-də başa çatmalı idi. Yeni qərarla bu müddət 2029-cu ilin əvvəlinədək uzadılacaq.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda media sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, 2021-ci ildə “Media haqqında” qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, media subyektlərinin vahid reyestrinin formalaşdırılması bu sahədə şəffaflıq və peşəkarlığın artırılmasına xidmət edib.
Vergi güzəştləri də bu siyasətin tərkib hissəsi kimi media orqanlarının iqtisadi dayanıqlığını gücləndirir, onların bazar şəraitində rəqabət qabiliyyətini artırır. Bu qərar jurnalist təşkilatlarının fəaliyyətinə əlavə stimul verir, yeni media layihələrinin yaranmasına imkan yaradır.
Media subyektlərinin vergi yükünün azaldılması bir tərəfdən onların maliyyə sabitliyini təmin edir, digər tərəfdən isə istehsal olunan informasiya məhsullarının keyfiyyətinə müsbət təsir göstərir. Güzəştlərin uzadılması xüsusilə regional və onlayn media qurumları üçün mühüm əhəmiyyət daşıyır, çünki bu qurumlar çox vaxt öz resursları hesabına fəaliyyət göstərirlər.
Ekspertlərin fikrincə, bu addım dövlətin media siyasətində ardıcıllığı və uzunmüddətli strateji yanaşmanı əks etdirir. Vergi güzəştlərinin davam etdirilməsi informasiya təhlükəsizliyinin təmin olunması, cəmiyyətin etibarlı, operativ və obyektiv məlumatla təmin edilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
Hazırda dövlət və media əməkdaşlığı yeni mərhələdədir.
Bu qərar həm də dövlət–media münasibətlərində etimadın və qarşılıqlı əməkdaşlığın gücləndiyini göstərir. Medianın sosial məsuliyyət daşıyan, milli maraqlara xidmət edən və ictimai fikrin formalaşmasında mühüm rol oynayan institut kimi mövqeyini möhkəmləndirir.
Güzəşt mexanizmlərinin davam etdirilməsi Azərbaycanın media mühitində yeni iqtisadi və peşəkar imkanlar açacaq, jurnalistikanın innovativ və rəqəmsal inkişafını dəstəkləyəcək.
Elnurə Abuşova