AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil Yoxsa Təzyiq? - Məktəblərdə Şagirdlərin Səssiz Mübarizəsi - Jurnalist Ülkər Piriyeva Yazır..

  • + A
  • - A
  • Bu gün, 18:25

    Təhsil Yoxsa Təzyiq? - Məktəblərdə Şagirdlərin Səssiz Mübarizəsi - Jurnalist Ülkər Piriyeva Yazır..
    Jurnalist/Politoloq Ülkər Piriyeva

    Bakı, 15 may - Azadmedia.az


    Ölkəmizdə təhsil sistemi ilə bağlı illərdir səsləndirilən narazılıqlar artıq təkcə sosial problem deyil, həm də uşaqların təhlükəsizliyini təhdid edən ciddi bir məsələyə çevrilməkdədir. Ötən gün Bakıdakı 175 nömrəli məktəbdə baş verən son hadisə isə bu problemin nə qədər acı və düşündürücü həddə çatdığını bir daha göstərdi. Məktəbdə bir şagirdin yıxılması və hadisədən sonra media nümayəndələrinin məktəb rəhbərliyi tərəfindən cavabsız qoyulması cəmiyyətin diqqətini yenidən məktəblərdəki real vəziyyətə yönəltdi.

    Hadisə yerinə gələn “Baku TV” - Bakı televiziyasının əməkdaşının rəhbərliklə danışmaq istəyi cavabsız qaldı, hətta çəkiliş aparılmasına belə maneələr yaradıldı. Halbuki bu kimi hadisələrdə əsas məqsəd məsuliyyətdən yayınmaq deyil, problemin səbəblərini araşdırmaq və gələcəkdə oxşar halların qarşısını almaq olmalıdır.

    Bu gün məktəblərdə təhsil alan şagirdlərin böyük əksəriyyəti - demək olar ki, əksəriyyəti- ali məktəbə qəbul imtahanlarına hazırlaşmaq üçün repetitor və ya hazırlıq kurslarına üz tutmağa məcbur qalır. Bunun əsas səbəbi isə məktəbdə keçirilən dərslərlə qəbul imtahanlarının tələbləri arasında ciddi uyğunsuzluğun olmasıdır. Şagird məktəbdə dərs keçir, amma qəbul imtahanında qarşılaşacağı sualların cavabını çox vaxt məktəbdə ala bilmir. Nəticədə valideyn əlavə xərcə düşür, şagird isə ikiqat psixoloji və fiziki yük altında qalır.

    Ən ağır vəziyyət isə 10 və 11-ci sinif şagirdlərinin üzərinə düşür. Məktəblər onlardan yüksək nəticə tələb edir, qəbul faizləri ilə öyünmək istəyirlər, lakin həmin nəticəni əldə etmək üçün lazımi şərait yaratmırlar. Nə təhsil sistemi, nə məktəb rəhbərliyi, nə də aidiyyəti qurumlar şagirdin real ehtiyaclarını tam şəkildə nəzərə alır. Şagird səhərdən axşama qədər həm məktəb dərslərində iştirak etməli, həm hazırlığa çatmalı, həm də yüksək nəticə göstərməlidir. Bu isə bir çox hallarda uşaqları çıxılmaz vəziyyətə salır.

    Məhz belə səbəblərdən bəzi şagirdlər dərsdən yayınmağa çalışır, məktəbdən qaçmağa cəhd edir və nəticədə həyatlarını təhlükəyə atırlar. 175 nömrəli məktəbdə yaşanan hadisə də əslində problemin görünən tərəfidir. Şagird niyə məktəbdən qaçmağa məcbur olur? Niyə o, təhsil aldığı məkanda özünü rahat və anlayışla qarşılanmış hiss etmir? Bu sualların cavabı təkcə bir məktəbdə deyil, ümumi sistemdə axtarılmalıdır.

    Əgər məktəblərdə qəbul imtahanlarına uyğun keyfiyyətli hazırlıq təmin olunmursa, heç olmasa şagirdlərə hazırlıq kurslarına normal şəkildə getmək üçün şərait yaradılmalıdır. Məktəblər şagirdləri formal qaydalarla yükləmək əvəzinə onların gələcəyini düşünməlidirlər. Şagirdə psixoloji təzyiq göstərmək yox, ona mənəvi dəstək olmaq lazımdır. Çünki bu gün uşaqların üzərindəki təhsil yükü artıq sadəcə dərs yükü deyil - bu, həm də ciddi psixoloji gərginlikdir.

    Valideynlər övladlarının gələcəyi üçün maddi və mənəvi olaraq böyük çətinliklər yaşayır. Şagirdlər yorulur, gərginləşir, bəzən ümidsizliyə qapılır. Məktəb rəhbərlikləri isə yalnız nəticə tələb etməklə məsuliyyəti üzərindən ata bilməz. Yüksək nəticə istəyən məktəb ilk növbədə həmin nəticəyə aparan yolu yaratmalıdır.

    Təhsil yalnız dərs keçmək deyil. Təhsil həm də uşağın təhlükəsizliyi, psixoloji rahatlığı, gələcəyə inamı deməkdir. Əgər bir şagird məktəbdən qaçmaq üçün pəncərəyə üz tutursa, bu artıq fərdi problem deyil - bu, sistemin SOS siqnalıdır.

    Bu gün məktəblər şagirdlərə sadəcə qayda tətbiq edən məkan deyil, onları anlayan və istiqamətləndirən bir mühitə çevrilməlidir. Əks halda, qəbul statistikası uğrunda aparılan yarışda ən böyük zərəri uşaqlar görəcək. Təhsil sistemi isə yalnız nəticə ilə deyil, yetişdirdiyi sağlam və təhlükəsiz nəsillə qiymətləndirilməlidir…


    Hesab edirəm ki, bütün bu deyilənlərin, yazılanların, müzakirə olunanların sonunda bir həqiqət - o da ən çox susan tərəfin “uşaqların” həqiqətidir…!

    Həm də sadə vətəndaş kimi bu mənzərəyə baxanda insanın içində qəribə bir narahatlıq yaranır. Səhər məktəbə yola saldığımız övladlarımızın axşam evə yorğun, gərgin, bəzən də ümidsiz dönməsi artıq adi hala çevrilib. Onların gözlərindəki parıltı bəzən dərslərin ağırlığı, bəzən imtahan qorxusu, bəzən də “çatdırmalıyam” təzyiqi altında solur. Halbuki bu uşaqlar sadəcə oxumaq, öyrənmək, böyümək və gələcəyə inamla baxmaq istəyirlər.

    Amma reallıq bəzən başqa bir yol göstərir: dərsdən hazırlığa qaçan, hazırlıqdan evə yorğun qayıdan, öz uşaqlığını kitab səhifələrinin arasında itirən bir nəsil yetişir. Onlar üçün məktəb bəzən bilik yuvasından çox, bir yarış meydanına çevrilir. Hər kəs daha yüksək bal, daha çox nəticə, daha yaxşı göstərici arxasınca qaçır, amma bu yarışın içində uşağın özü bəzən unudulur.

    Ən ağır hiss isə odur ki, bu uşaqların çoxu bütün bu yükü səssiz daşıyır. Nə şikayət edirlər, nə də tam olaraq danışa bilirlər - sadəcə yorulurlar. Və bəzən bu yorğunluq onları yanlış qərarlara, təhlükəli addımlara qədər apara bilir. 175 nömrəli məktəbdə baş verən hadisə də əslində bu səssiz yorğunluğun bir siqnalıdır.

    Bir valideyn üçün ən böyük arzu övladının yüksək bal toplaması deyil, onun sağlam, xoşbəxt və təhlükəsiz şəkildə böyüməsidir. Təhsil isə bu xoşbəxtliyin qarşısında dayanmalı deyil, onun bir parçası olmalıdır. Uşaqlar dərsdən qorxmamalı, məktəbdən qaçmamalı, əksinə, oraya inamla, maraqla getməlidirlər.

    Bəlkə də ən vacib sual budur: biz uşaqlarımıza necə bir gələcək hazırlayırıq- rəqəmlərin və nəticələrin sıxışdırdığı bir sistem, yoxsa insan olaraq yetişdirən bir mühit?

    Cavabı isə hamımız birlikdə düşünməliyik… çünki bu gün yorulan hər şagird, əslində sabahın taleyidir..


    Və bütün bu narahatlıq doğuran sualların, bütün bu sosial gərginliyin içində bir həqiqəti də unutmaq olmaz: “Odlar Yurdu Azərbaycan”ımda - bu ölkədə uşaqlara və gənclərə verilən dəyər hər zaman dövlət siyasətinin mərkəzində dayanıb.

    Ulu Öndərimiz Heydər Əliyevin məşhur və hər kəsin yaddaşında yaşayan bir fikri var: “Uşaqlar bizim gələcəyimizdir.” Bu cümlə təkcə bir söz deyil, bir ideologiya, bir dövlət fəlsəfəsidir. O gələcək ki, bu gün məktəb partası arxasında əyləşən hər bir şagirdin gözlərində formalaşır.

    Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında vurğulamışdır ki, gənclər dövlətin ən böyük sərvəti və Azərbaycanın gələcəyini müəyyən edən əsas qüvvədir. Bu baxış təkcə siyasi bir yanaşma deyil, həm də cəmiyyətə verilən açıq mesajdır: uşaqlar qorunmalı, dəstəklənməli və onların inkişafı üçün ən ideal şərait yaradılmalıdır.

    Məhz bu yanaşmadan çıxış edərək bir valideyn kimi hər kəsin ürəyində eyni ümid yaşayır: məktəblər yalnız nəticə tələb edən qurum deyil, həm də uşaqların özünü təhlükəsiz, dəyərli və rahat hiss etdiyi bir məkan olmalıdır. Çünki sabahın həkimi, müəllimi, hüquqşünası, mühəndisi, jurnalisti bu gün həmin məktəb partalarında oturan uşaqlardır.

    Və əgər bu gün həmin uşaqlar yorğun, gərgin və bəzən ümidsiz görünürlərsə, bu, onların zəifliyi deyil, bizim onlara yaratdığımız mühitin güzgüsüdür.

    Amma yenə də bir ümid var… Həm valideynin ürəyində, həm müəllimin vicdanında, həm də bu ölkənin gələcəyinə olan inamda. O ümid ki, bir gün məktəb səsi qorxu ilə deyil, sevgi ilə eşidiləcək. Uşaqlar dərsdən qaçmayacaq, əksinə məktəbə tələsəcək.

    Çünki bu ölkənin gələcəyi onların gözlərindədir…!

    Hörmətlə..
    Jurnalist/Politoloq Ülkər PİRİYEVA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR