Bir neçə gündür gündəmi zəbt edən fikirlərdən biri
də Xalq yazıçısı, professor Kamal Abdullanın qadınların işləməkdənsə evdə oturub uşaqlara baxması barədə səsləndirdiyi sözlərdir. Bütün rəyləri, münasibət bildirənlərin statuslarını oxuyuram. Mənim də öz düşüncələrim var, onu sizinlə bölüşmək istəyirəm.
Məncə 21-ci əsrdə “qadın evdə oturub yalnız uşaqlarına baxsa daha yaxşıdır” kimi fikirlər artıq tək bir ailə modelini cəmiyyətə norma kimi təqdim etmək cəhdidir. Halbuki həyat göstərir ki, ailənin möhkəmliyi qadının yalnız evdə qalması ilə deyil, ailədaxili birlik, qarşılıqlı hörmət, məsuliyyət bölgüsü və sağlam tərbiyə ilə qurulur.
Öz həyatımdan bir örnək gətirim. Bunun ən gözəl nümunəsidir, məncə. Çoxuşaqlı ailədə böyümüsəm, həm atam, həm də anam işləyib. Buna baxmayaraq, 11 övladın hər biri təhsil alıb, həyatda öz yerini tapıb, tərbiyəli və savadlı insan kimi yetişib. Deməli, məsələ qadının işləyib-işləməməsində deyil. Əsas məsələ ailənin təməlinin necə qurulmasıdır.
Bir ailədə sevgi, intizam, əmək bölgüsü və qarşılıqlı dəstək varsa, uşaqlar da məsuliyyət hissi ilə böyüyür. Bizim ailədə hər birimizin evdə müəyyən tapşırığı olub, dərsdən sonra valideynlərimizə kömək etmişik. Dərslərimizi hazırlayandan sonra öhtəmizə düşən işlərimizi də sevə-sevə görürdük. Nəyi pisdir? Bu, uşaqlara həm zəhmətin dəyərini, həm də ailə məsuliyyətini öyrədir. Belə ailələrdə uşaqlar yalnız diplom almır, həm də həyat məktəbi keçirlər.
Bu gün qadının işləməsini problem kimi təqdim etmək cəmiyyətə yanlış mesaj verir. Qadın müəllimdirsə, həkimdirsə, mühəndisdirsə, alimdirsə, sahibkardırsa — o, yalnız öz ailəsinə deyil, bütöv cəmiyyətə fayda verir. Qadının iqtisadi və ictimai həyatdan kənarda qalması nə inkişaf edən dövlət modeli ilə, nə də müasir dünya ilə uyğun gəlir.
Bir anlıq təsəvvür edək: qadınların işləmədiyi bir cəmiyyət necə görünərdi? Məktəblərdə müəllimlərin yarısı olmazdı, xəstəxanalarda minlərlə həkim və tibb bacısı çatışmazdı, elm, mədəniyyət, incəsənət, media və iqtisadiyyat böyük boşluq yaşayardı. Ən əsası isə qadın öz potensialını həyata keçirmək imkanından məhrum olardı.
Əlbəttə, evdar qadın olmaq da böyük zəhmət və hörmət tələb edən seçimdir. Ancaq bunu bütün qadınlar üçün “ən doğru yol” kimi təqdim etmək düzgün deyil. Hər ailənin öz modeli, öz şərtləri və öz qərarı var. Kimsə evdə qalaraq xoşbəxt olur, kimsə işləyərək həm ailəsini, həm də cəmiyyətini inkişaf etdirir. Əsas olan qadının seçim haqqına hörmət etməkdir.
Cəmiyyət qadının səsini, əməyini və potensialını məhdudlaşdırmaqla deyil, ona imkan yaratmaqla güclənir. Güclü ana yalnız evdə oturan ana deyil. Güclü ana həm övlad böyüdən, həm çalışan, həm mübarizə aparan, həm də ailəsinə dayaq olan anadır.
Mənim rəhmətlik anam kimi.
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist