O, özü də hələ bir uşaq idi...
İranın Kirman əyalətindən olan 14 yaşlı Soqənd Moştərəki noyabrın 6-da, ilk övladını dünyaya gətirdikdən cəmi 10 gün sonra həyatını itirib.
Cəmi 13 yaşında ailə qurmağa məcbur edilən Soqəndin 20 yaşlı həyat yoldaşının onun üzərində ciddi nəzarət qurduğu, ailəsi ilə əlaqə saxlamasına mane olduğu bildirilir.
İnsan hüquqları müdafiəçilərinin məlumatına görə, gənc qız yaxınlarını ziyarət etmək üçün ərindən icazə istədikdən sonra onun tərəfindən amansızcasına döyülərək öldürülüb.
Hadisə ilə bağlı saxlanılan ərinin cinayəti etiraf etdiyi, qətlin səbəbi kimi isə ailədaxili mübahisələri göstərdiyi bildirilir.
Soqəndin faciəli taleyi erkən və məcburi nikahların qız uşaqlarının həyatını necə təhlükəyə atdığını bir daha gözlər önünə sərir. O, ana olmaq üçün hələ çox kiçik, uşaqlığını yaşamaq üçün isə hələ çox gənc idi.
Bir uşağın uşaqlığı əlindən alındı. Ardınca isə həyatı...
Mənbə və dəqiqləşdirmə: Hadisə barədə əsas ilkin məlumatı Hengaw İnsan Hüquqları Təşkilatı yayıb. Təşkilatın 10 noyabr tarixli məlumatında Soqəndin 6 noyabrda Kirman əyalətinin Sultanabad kəndində əri tərəfindən ağır döyülmə nəticəsində öldürüldüyü, 13 yaşında məcburi nikaha daxil edildiyi və ərinin saxlanıldığı bildirilir. Ərin cinayəti etiraf etməsi ilə bağlı məlumatı isə digər fəallar yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.