AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ambulator müayinədən əməliyyata qədər İTS ilə gedilən yol - Reportaj

  • + A
  • - A
  • 7-11-2021, 18:12

    Ambulator müayinədən əməliyyata qədər İTS ilə gedilən yol - Reportaj

    - Ay qızım, cavan adamsan, sənin gözəl yerlərdə gəzən vaxtındı, ürək xəstəxanasında nə gəzirsən?
    - Ay dayı, bu boyda zırıltılara ürək dözər? - deməklə dialoqa son qoyuram ET Kardiologiya İnstitutunun qarşısında həkimlərdən öncə xəstəxananın qapısını kəsdirib növbə gözləyərkən.
    Son aylar savadsız həkimlər ucbatından əzizlərim xəstəxanalarda on günlərlə vaxt keçirdi, maddi və mənəvi soyuldular. Baş verənlər mənim də səhhətimdən, psixologiyamdan yan keçmədi. OMD kimi tanınan xəstəxanada savadsız həkimlər qardaşıma 3 min manat xərclətdikdən sonra ordan qaçıb savadlı həkim tapsaq da, 38 yaşlı əmim qızını Neyrocərrahiyyədəki qəssab-həkimlərin əlindən qopara bilmədik, 13 gün ürəkçəkici gündən sonra cansız bədənini apardıq. Dəfn günü qollarım keyidi, nəfəsim çatmadı, Bakıya qayıtdım, ertəsi gün Kardiologiya İnstitutuna yollandım. Fikirləşdim yenə pullu analizlər, bahalı dava-dərman... Amma qapıdan girəndə sözün həqiqi mənasında şok yaşadım. Qapıda gülərüz xanlmlar əyləşib İTS-ya qeydiyyata salıb, gedəcəyin həkimə göndəriş verirdilər. Təmənnasız Reanimasiya şöbəsinin müdiri Təvəkkül həkimin qəbuluna qalxdım, kardioqramanı görən həkim infarktın bir addımlığında olduğumu söylədi və təcili təmənnasız exo etdirdi. Yenə ürəkaçan nəticə olmadı. Mənə məsləhət gördü ki, sığorta ilə təcili anjo olunum, lazım gəlsə, stend də qoysunlar.

    Əvvəlki xəstəxanalarda sığorta adı gələndə həkimlərin xəstələrlə qəzəbli davranışının şahidi olduğum üçün, sığorta adı gələndə duruxdum. "Pulumuzu alıb qohumların başına oyun qalmadı açdılar, pulsuz məni öldürərlər" qorxusu keçdi ürətimdən. Yaxın bildiyim bir şəxsdən borc pul götürüb tanınan kardioloqların qəbuluna düşmək istədim hətta. Uzun sözün qısası, çarəsiz sığorta kağızını götürüb göndərişlə EGE Hospitala yollandım. Orda da sığorta şöbəsində mehriban xanımlar mənə bildirdilər ki, 3 həkim sığortalı xəstələrlə işləyir. İnvaziv-kardioloq Şəmşir doktorun üzərində dayandım. Mənim üçün həkimlərin üzündəki aura əhəmiyyət kəsb edir. Həkimin üzünə baxanda inam yaranmalıdır hər şeyin yaxşı olacağına. Sığorta adını eşidəndə üzünün rəngi dəyişən həkimdən səbəb gözləməyə dəyərmi? Həkim adını tamamlayan bütün xüsusiyyətlər Şəmşir doktorda vardı. Beləliklə, 50 manat covid testi üçün pul ödəyib, bütün lazımi prosesləri keçib, əməliyyata hazırlandım. Öyrəndim ki, xəstəxana sığortalı xəstələrlə işləyəndən Şəmşir həkim 300-dən çox xəstəni müayinə və müalicə edib.

    Hospitalın 9-cu mərtəbəsində bütün tibb personalı xəstələrlə çox mehriban ünsiyyətdə idilər. Təmizliyə, gigiyenaya xüsusi diqqəti qeyd etməsəm, haqsızlıq olar. Tibb personalını xəstənin sığortalı, yaxud ödənişlə gəlməsi qəti maraqlandırmırdı. Anjo deyilən müayinə 20 dəqiqə çəkən bir prosedurdur. Qolu keyidsələr də, müayinə zamanı qolda az qədər diskomfort hiss olunur, amma proses boyu oyaq olursan. Çox şükür, anjo müayinədən sonra məlum oldu ki, stendə ehtuyac yoxdur, altı aydan bir exo müayinə alıb müalicə götürmək lazım. Anjodan qayıdandan sonra palatada yemək stolu sahibini gözləyir. İstəkdən asılı olaraq çay, su da öz yerində.

    Anjodan çıxan xəstələr bir də exo müayinədən keçir, sonra evə buraxılır. Başda Şəmşir doktor olmaqla EGE Hospitalın bütün kollektivi mənim sığorta ilə bağlı bütün neqativ fikirlərimi yox etdi. Demək sığorta sistemi işləyir, hər şey xəstəxana rəhbərliyindən və həkimlərdən asılıdır. Yazımın sonunda İcbari Tibbi Sığorta Dövlət Agentliyinə, Təvəkkül həkimin timsalında ET Kardiologiya İnstitutunun Kollektivinə və Şəmşir doktorun timsalında EGE Hospitalın bütün personalına təşəkkür edirəm. Oxucularıma da məsləhət görürəm ki, dövlətin vətəndaşlar üçün yaratdığı sığorta xidmətindən yararlansınlar.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR