AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluqda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

  • + A
  • - A
  • 11-12-2021, 12:39


    Dekabrın 11-də Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
    İlk öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
    Daha sonra Baş Prokurorluğun inzibati binasında baş tutmuş mərasimdə çıxış edən Baş prokuror diqqətə çatdırmışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzedilməz və danılmazdır.
    Bildirilmişdir ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
    Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli məqsədilə mötəbər hüquqi bazanın yaradılmasında, eləcə də BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair müvafiq qətnamələrin qəbul edilməsində mühüm rol oynamışdır.
    Qürurla bildirilmişdir ki, həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunmuşdur.
    Çıxışının yekununda böyük minnətdarlıq hissi ilə Baş Prokuror qeyd etmişdir ki, Ulu öndərin siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, beynəlxalq sahədə gördüyü tədbirlər tarixə qızıl hərflərlə həkk olunmuş bugünkü zəfərin əldə edilməsinə yönəlmişdir.
    Bundan sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev “Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir.
    Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR