Dekabrın 13-də Heydər Əliyev Mərkəzində "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.
Azadmedia az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində azad edildikdən sonra burada genişmiqyaslı quruculuq-bərpa işlərinə start verilib.
Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməkdə olduğunu deyib.
“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.
Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir”, - deyə Anar Ələkbərov bildirib.
Tədbirdə iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışı zamanı bildirib ki, Qarabağda tarixi irsimizin bərpası Fondun fəaliyyətinin əsas prioritetlərindəndir.
Qarabağ Dirçəliş Fondunun Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etdiyini deyən Rəhman Hacıyev, bu əməkdaşlığın uzunmüddətli olacağını və cari layihələrlə məhdudlaşmayacağını qeyd edib.
"Heydər Əliyev Fondu inklüziv yanaşma tətbiq edir və bərpa işlərinə həm yerli, həm xarici şirkətləri cəlb edir. Bu, çox vacibir, çünki Qarabağın mədəni irsi Azərbaycan mədəniyyətinin olduğu kimi, dünya mədəni irsinin də tərkib hissəsidir. Biz bu yanaşmanı alqışlayırıq və hesab edirik ki digər qurumlar da öz işlərində bu yanaşmanı tətbiq edə bilərlər. Onu da xüsusən qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun layihələrini dəstəkləmək bizim üçün qürurvericidir", - deyə Rəhman Hacıyev bildirib.
Qeyd edək ki, dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev , Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, “Uni Construction” şirkətinin bərpaçısı, italiyalı mütəxəssis Luigi Scrinzi, “Uni Construction” şirkətinin layihə rəhbəri, türkiyəli mütəxəssis Əli Ünlü, Avstriyanın "PARTNER Consulting+Projects" şirkətinin bərpaçısı Roman Brugger, "Cronos” şirkətinin baş bərpaçısı Uğur Miralay, Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun Restavrasiya şöbəsinin rəhbəri Salome Guruli və Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun rəhbəri Nino Kalandadze, Latviyanın "Buvtelnieks” şirkətinin layihələr üzrə baş meneceri Sandis Cvetkovs və şirkətin ortağı Janis Meroza, "Simmetrico” şirkətinin baş memarı Françesko Giordano, Azərbaycan Respublikasının Əməkdar memarı Ədalət Məmmədov, Böyük Britaniyanın "Mangera Yvars Architects” şirkətinin direktoru Ali Mangera, Bolqarıstanın “EKSA” şirkətinin icraçı direktoru Konstantin Nedkov Pee çıxş ediblər.
Avstriyanın “Wehdorn Architekten” şirkətinin icraçı direktoru Manfred Vehdornun isə videomüraciəti olub.