Əlimlə göstərdiyim yer - "Tonaşen"dir. Tonaşen ermənilərin Qarabağda yaşadığı tək-tük kəndlərdəndir, kənddə yaşayış olan evlərin sayı isə 2 əlin barmaq sayından bir qədər çoxdur. Kəndin yeganə strateji əhəmiyyəti Suqovuşan su anbarına müdaxilə etmək imkanıdır. Kəndə birbaşa nəzarət isə Azərbaycan əsgərinin əlində və sayıqlığındadır. Xidmət etdiyim ərazinin əhəmiyyətli döyüş postları çoxdur, bu postların şəxsi heyəti isə dünən, bu gün, sabah da müharibəyə hazırdır. Bütün çətinliklərə rəğmən hərbi qulluqçularda ruh yüksəkliyi müşahidə olunur.
Qarşı tərəflə 15-20-25 metr məsafəsi olan postlarımız mövcuddur. Bu postlarda xidmət edən hərbi qulluqçularla ara-sıra görüş imkanlarım olur. Ərazinin geodezik xəritəsi ilə tanış olmaq imkanım da olub. Yuxarı komandanlıqla görüşlərimdə strateji əhəmiyyətli postlardan, ərazilərdən məlumat alıram. Xidmət etdiyim ərazi həm də tarixi, dini abidələrlə zəngindir. Bu gün o ərazidəki kilsələr, abidələr qorunur, saxlanılır. Söküntü işlərindən uzaq tutulur. Bu isə sevindirici haldır. Təsəvvür edin ki, qarşı tərəf azərbaycanlılara məxsus bütün abidələri - məscidləri söküb, dağıdıb, bacardıqları qədər izlərini də itirib. Lakin bu gün Azərbaycan əsgəri bunlara rəğmən öz tolerantlığını qoruyub saxlayır.
Bir neçə gün bundan öncə yaşayan qəhrəmanlarımızdan biri ilə görüşüm oldu. "44 günlük müharibə" zamanı bilmədiyim bir çox məlumatı ondan öyrəndim. O ərazilərdə necə döyüşlərin getdiyini təsəvvür etmək daha çətin, döyüş zamanı azad olunmuş ərazilərdə xidmət etmək isə bir o qədər qürurvericidir. Qarşı tərəfin isə o ərazilərə heç bir aidiyyətinin olmadığının isə heç bir isbata ehtiyacı yoxdur. Çünki 30 il müddətində daş daş üstə qoyulmayıb, hər hansı bir genişmiqyaslı yatırımın olmasına rast gəlinmir. Sanki özləri də bu ərazilərin onlara aid olmadığını qəbullanıblarmış. Nəticə etibarı ilə bu gün xidmət etdiyim ərazidə Azərbaycan bayrağı dalğalanır.
Bir neçə gün sonra hərbi möhlət müddəti başa çatmış gənclərimiz dövləti, vətəni qorumaq üçün ordu sıralarında olacaqlar. Əminəm ki, onların da düşüncələrində müəyyən tərəddüdlər var. O gənclərə demək istəyirəm ki, çətin heç nə yoxdur. Sadəcə vicdanlarının olması kifayətdir ki, vətənin daşının nə olduğunu bilsinlər. Çəkinməsinlər, rüşvət verməsinlər, susmasınlar, gəlsinlər. Bu ordu, bayraq, forma ilə yolumuz Xanın kəndinədir!
Fərid İsmayılov
Hazırda hərbi xidmətdə olan jurnalist
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.