“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması və onların tarixən yetişdiyi ərazilərə reintroduksiyası layihəsinin sonuncu mərhələsinin yekunu olaraq ekoloji aksiya keçirilib.
Aksiyada Cəmiyyətin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təmsilçiləri, Mərkəzi Nəbatat Bağının mütəxəssisləri, eləcə də RİİB-in könüllülər iştirak ediblər.
Əvvəlcə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev layihə barədə məlumat verib. Qeyd edilib ki, 2021-ci ildən icrasına başlanılan layihə çərçivəsində Daşkəsən rayonu ərazisində rast gəlinən və “Qırmızı Kitab”a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan “Rosa Zangezura” (Zəngəzur itburnusu), “Rosa Nisami” (Nizami itburnusu), “Pulverulenta” kimi itburnu növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan “Frangula Grandiflora” (İriyarpaq kövrək mürdəşər) aşkarlanaraq toxumları yığılıb. Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasında həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilib və xüsusi aqrotexniki qaydada təcrübə sahəsində əkilməklə ötən bir il ərzində bütün növ toxumların yetişdirilməsinə nail olunub. Sədr müavini layihənin əhəmiyyəti, ətraf mühitin qorunmasının vacibliyi, bu istiqamətdə ölkə üzrə fəaliyyətin təşviqi nəzərə alınaraq, nadir bitki kollarının çoxaldılması layihəsinin gələn il də davam etdirilməsinin planlaşdırıldığını qeyd edib.
ETSN-in Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov isə ətraf mühitin mühafizəsi ilə bağlı “AzerGold” QSC-nin davamlı olaraq həyata keçirdiyi tədbirlərin xüsusi önəminə toxunaraq, Səhmdar Cəmiyyətin dağ-mədən sahəsində uğurlu fəaliyyəti ilə yanaşı, ekologiya sahəsində həyata keçirdiyi nümunəvi tədbirlərlə müsbət imic formalaşdırdığını bildirib. S.İdayətov bu cür təşəbbüsləri yüksək qiymətləndirildiyini qeyd edərək, layihənin Daşkəsən ərazisində bitən nadir bitki növlərinin məhv olması təhlükəsinin aradan qaldırmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov bitkilərin təbii xüsusiyyətləri və çoxaldılması metodikası barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda çoxaldılmış nadir bitki növlərinin, həmçinin əlavə olaraq göyrüş tinglərinin “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini həyata keçirilib, aqrotexniki qaydalara uyğun olaraq bitkilərə qulluq göstərilib.
Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir. Qeyd edilən tədbirlər çərçivəsində bugünədək “Çovdar” mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 13 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb.