Sinqapurda istedadlı uşaqlar üçün tədrisin zənginləşdirilməsi modelindən bəhs edəcəyəm. Təhsil idarəçiləri istedadlı uşaq sorağında deyil, hər bir uşağın daxilindəki potensialın axtarışında olanda daha yüksək nəticələrə nail ola bilərlər. Sinqapur təhsil sistemində istedadlı uşaqlarla iş prosesində praqmatik yanaşma mövcuddur. Apardığım araşdırmalara əsasən deyə bilərəm ki, Sinqapurda bu sahədə tətbiq olunan proqramın icrası yüksək səviyyədə həyata keçirilir. Bu proqram İstedadlı uşaqlar üçün tədrisin zənginləşdirilməsi modeli (The Gifted Education Programme [Ze giftid edukeyşın proqram] (GEP)) adlanır. Model istedadlı uşaqların koqnitiv və emosional ehtiyaclarını araşdırmaq və onun inkişafına təkan vermək, istedadı kəşf etmək məqsədi daşıyır. Fikrimcə, istedadın meydana çıxarılması özlüyündə bir kəşfdir. Zənginləşdirmə modeli sinif üzrə bütün uşaqlara tətbiq edilir. İstedad heç bir uşağın diqqətdən kənarda qalmadığı zaman meydana çıxır. Sinqapur təhsil sistemində qeyd etdiyimiz model üzrə tədris proqramının işlənmə prinsipinə diqqət yetirək: Zənginləşdirmə modeli tədris proqramının sürətləndirilməsinə deyil, adından da göründüyü kimi, zənginləşdirilməsinə yönəlib. Şagirdlərin hərtərəfli inkişafı üçün 4 istiqamət müəyyənləşdirilib. 1. Məzmunun zənginləşdirilməsi; 2. Tədris prosesinin zənginləşdirilməsi; 3. Biliyin zənginləşdirilməsi; 4. Öyrənmənin zənginləşdirilməsi. İndi isə bu istiqamətlərin hər birinə ayrı-ayrılıqda diqqət yetirək: Məzmunun zənginləşdirilməsi aşağıda qeyd edəcəyim məsələləri əhatə edir: - əsas tədris proqramından kənara çıxmaqla, mövzuların dərinləşdirilmiş şəkildə öyrədilməsi; - müvafiq yerlərdə daha təkmil mövzuları əhatə etmək; - fənlərarası əlaqə yaratmaq; - real həyat problemlərinin araşdırılmasını təşviq etmək; - dözümlülük, hörmət, empatiya, təvazökarlıq, maraq hisslərinin aşılanması və bu hissləri tərbiyə edəcək mühitin təmin olunması; - müvafiq hallarda müxtəlif mövzular üzrə araşdırmaların aparılması... Tədris prosesinin zənginləşdirilməsi aşağıda qeyd edəcəyim məsələləri əhatə edir: - uşaqlarda düşünmə bacarıqlarını inkişaf etdirmək və onlara dövrün tələblərinə uyğun digər bacarıqları aşılamaq; - təcrübə prosesində öyrənmək üçün imkanlar yaratmaq; - sorğuya əsaslanan öyrənmə və problemlərin açıq şəkildə qoyulmasına təşviq edilmə; - müstəqil iş üçün tədqiqat bacarıqlarını öyrətmək; - fərqli öyrənmə üstünlüklərini təmin etmək üçün müxtəlif tədris strategiyalarından istifadə etmək; - kiçik qrupların fəaliyyətini təmin etmək, münaqişələrin həlli bacarıqlarını və komanda işini öyrətmək və s. Tədris prosesinin zənginləşdirilməsi şagirdin zehni inkişafını stimullaşdırmaqla yanaşı, onlarda özünəinam hissi formalaşdırır. Biliyin zənginləşdirilməsi prosesini əhatə edən məsələlər aşağıdakılardır: - ənənəvi tapşırıqlardan kənar yaradıcı işlərin genişləndirilməsi; - yaradıcı özünüifadənin formalaşdırılması; - dünyanın rəngarəngliyini dərketmə; - orijinal fəaliyyətin təşviq edilməsi; - layihələrlə işləməyə təşviq olunma. Öyrənmə mühitinin əhatə etdiyi məsələlər aşağıdakılardır: - Həvəsləndirici, dəstəkləyici və şagirdyönümlü mühitin yaradılması; - Risk etməyi öyrənmək; - Özünüdərketmə və başqalarını olduğu kimi qəbul etmək; - Məktəbdənkənar öyrənmə təcrübələrini təşviq etmək; - Ali təhsil müəssisələri ilə əməkdaşlığa imkan yaratmaq. Göründüyü kimi, Sinqapur təhsil sistemində uşaqların istedadından söhbət gedərkən, onların hansısa fənn üzrə bilik və bacarıqlarının aşkara çıxarılması ilə yanaşı, şəxsi-mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi, cəmiyyətdə layiqli mövqe tutması yollarının təmin olunması, şəxsiyyət və mütəxəssis kimi yetişməsinin imkanları nəzərdə tutulur. Bilik mənəvi inkişafın yalnız bir tərəfidir. Şəxsiyyət biliyi və insani keyfiyyətləri ilə bütövləşir. Sinqapur təhsilində bu prinsip formal deyil, əməli olaraq həyata keçirilir. Əlverişli mühit və peşəkar pedaqoqlar şagirdlərin addım-addım irəliləməsinə yardımçı olurlar. Böyükağa MİKAYILLI, Təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist