04 aprel tarixində “Sağlamlığa Xidmət” İctimai Birliyi "Vərəm sağalan xəstəlikdir” adlı layihənin ilk tədbirini ”Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində keçirib.
Layihə rəhbəri Samirə Muxtarova iştirakçılara vərəm xəstəliyi barəsində geniş məlumat verib. Xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikasında və müalicəsində ən son yeniliklərlə bağlı çıxış edən Samirə xanım, ilkin səhiyyə xidmətinin tibb işçilərinin birgə dəstəyi nəticəsində 2030-cu ilədək görüləcək işlərdən danışıb, “Bəli, biz vərəmə birgə qalib gələcəyik” şüarını səsləndirib: "Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və həmin şəxslərin ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir”.

“Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Elman Quliyev vərəmlə bağlı maarifləndirmə təşəbbüsünü təqdirəlayiq hesab etdiyini və rayonlarda infeksion xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsinin çox vacib olduğunu vurğulayıb.
Birliyin icraçı direktoru Pərvanə Vəliyeva vərəmlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarını və tövsiyyələrini iştirakşıların diqqətinə çatdırıb.
Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Mətanət Qaraxanova Hepatit, İİV/QİÇS, xəstəlikləri, viruslu hepatitlər, onların yoluxma yolları və qorunma qaydaları haqqında məlumat verib. Sonda ilin şüarı olan “Bir qaraciyər və bir həyat” şüarını iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə digər donor tərəfdən ərsəyə gələn vərəm xəstəliyi barədə qısa metrajlı film nümayiş olunub. İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər paylanılıb. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib.
Qeyd edək ki, növbəti tədbirlər Şamaxı və Xaçmaz rayonlarında keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.